Azərbaycanda əhali niyə artmır?

  • Müəllif: Orxan
  • 22 Mart 2026 13:19

Azərbaycanda demoqrafik vəziyyətə aid göstəricilər getdikcə pisləşməkdə davam edir.

Gununsesi.info xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) bu gün, martın 18-də növbəti aylıq hesabatını açıqlayıb.

Hesabatla bildirilir ki, bu ilin yanvarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 7 min 788 doğulan körpə qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9.9-dan 8.9-a düşüb.

DSK əlavə edir ki, bu ilin yanvar ayı ərzində ölkədə 6 min 243 ölüm halı sənədləşdirilib.

2025-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə bu göstərici 6.6-dan 7.2-yə yüksəlib: “2026-cı ilin ilk ayında 2 min 922 nikaha daxilolma və 1 min 779 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5.4-dən 3.4-ə, boşanmaların sayı isə 2.1-dən 2.0-a düşüb”.

Martın 13-də hökumətin Milli Məclisə hesabatı zamanı baş nazirin müavini Əli Əhmədov da bu məsələlərlə bağlı narahatlığını ifadə etmişdi.

“2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub”, – deyən Əhmədov vurğulayırdı ki, nəticədə 50 minə yaxın müəllimin ixtisarı riski yaranır.

Bugünlərdə iqtisadçı Natiq Cəfərli diqqəti son 32 ildə Azərbaycanda pensiyaçıların sayının azalmasına yönəldib:

“1994-cü ildə Azərbaycanda 1 milyon 250.9 min təqaüdçü var idi. 2026-cı il yanvarın 1-nə təqaüdçülərin sayı 1 milyon 98.9 min nəfərə qədər azalıb… Paralel olaraq da ölkədə doğuş sayı da kəskin azalır – ölkəmiz üçün ciddi problemlər yaranır, bu gün addımlar atılmasa, sabah gec olacaq”.

O, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yığılan vəsaitə də diqqət çəkib: “…Allah uzaq etsin, təqaüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur – onların varisləri niyə həmin vəsaiti ala bilməsin ki?! Və ya, tutalım, 40 yaşında bir insan işləyib, DSMF-yə 30 min manat yığıb. Amma həyatdır, dünyasını dəyişir, o pulun aqibəti nə olur?! Bəlkə, elə övladına çatsın, məsələn, təhsil haqqını və ya ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?!.. Xülasə, hökumət çıxıb aydın deməlidir – DSMF-yə yığılan vəsait vətəndaşındır, ya yox?! Bu vətəndaşın yığımıdır, ya vergisi?!”.

Ekspertlər demoqrafik vəziyyətin müsbətə doğru dəyişməsi üçün hökumətin sosial islahatlar aparmasını vacib sayırlar. Onlar hesab edirlər ki, hər şeydən öncə hökumətin 2006-cı ildən dayandırdığı uşaqlara aylıq müavinətlərin verilməsi bərpa olunmalıdır. Ən əsası isə, onların fikrincə, ölkədə real iş yerləri açılmalıdır.

İqtisadçı Rəşad Həsənov isə deyir ki, dünyada daha kiçik ailə modellərinin formalaşması trend halını alıb:

“Məsələn, təhsil səviyyəsinin, dünyagörüşünün artması, insanların daha çox özlərinə zaman ayırmaq istəməsi və s. kimi sosioloji amillər də burada rol oynayır”,- deyə o qeyd edib.

İqtisadçı onu da vurğulayır ki, əhalinin artması, onların gəlir səviyyəsi həyat keyfiyyətləri ilə bağlıdır və demoqrafik, sosial-iqtisadi siyasəti buna müsbət və ya mənfi təsir edə bilər.

(AzadlıqRadiosu)

Gununsesi.info