Azərbaycanda ərzaq qıtlığı olmayacaq

  • By admin
  • 19 Mart 2022 16:13

“Azərbaycanın ərzaq ehtiyatları kifayət qədərdir və ölkəmizdə ərzaq qıtlığı gözlənilmir”.

Bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar region ölkələrində yaşanan ərzaq problemi Azərbaycanda müşahidə olunmayacaq:

“Biz bunu ərzaq məhsulları arasında liderlik mövqeyə malik olan buğda ehtiyatlarında da görə bilirik. Ölkənin 6-7 aydan artıq səviyyədə, heç bir idxal həyata keçirilmədən buğda ehtiyatı var. Digər ərzaq məhsullarında da kifayət qədər ehtiyatımız var. Müharibənin ilin sonuna qədər davam edəcəyi təqdirdə Rusiyanın buğda ixracına qoyduğu qadağa Azərbaycanda da tətbiq edilə bilər. Bəzən yanlış təhlillər aparılaraq qeyd olunur ki, Rusiya buğda ixracına qadağa qoyub. Ancaq Rusiyanın 30 iyuna kimi qoyduğu qadağa Avrasiya İttifaqı ölkələrinə aiddir, Azərbaycana və üçüncü ölkələrə aid deyil. Azərbaycana şəkər ixracı qadağası şamil olunur”.

Ekspert hesab edir ki, müharibə bitər-bitməz Rusiya bu qadağanı aradan qaldıracaq. Çünki buğda bazarında Fransa və ABŞ kimi rəqibi var: “Rusiyanın boşaltdığı bazarı Fransa tutduqdan sonra bu ölkənin yenidən bazara qayıtması mümkünsüz olacaq. O bazarları ABŞ və Fransaya verməmək üçün Rusiya ixrac qadağasını aradan qaldıracaq”.

E.Əmirov onu da qeyd edib ki, Nazirlər Kabinetinin ərzaq mallarının ölkədən aparılmasının tənzimlənməsi barədə qərarı Azərbaycanın ərzaq təhlükəsizliyi istiqamətində baş verə biləcək təhdidlərin qarşısının alınmasına hesablanıb:

“Yeni qərarı ixraca qoyulan qadağa kimi qəbul etmək düzgün deyil.Bu siyahıya 28 mal və məhsul daxildir. Bunlardan əsas ət, yumurta, yağ və şəkər tozudur. Toyuq əti, mal əti və digər ət məhsulları alt kateqoriyaya aid məhsullardır. Bunları ixracı qadağa deyil. Ümumilikdə Nazirlər Kabinetinin qərarı ölkənin ərzaq məhsullarını, qida ehtiyatlarını tənzimləmək üçün atılan addım kimi qiymətləndirilməlidir”.

Xatırladaq ki, iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır. Bundan əlavə, qonşu ölkələrin bazarlarında malların logistika-təchizat zəncirində problemlər yaranır. Mövcud problemlərin Azərbaycanda yaşanmaması üçün Baş nazir Əli Əsədov “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərar imzalayıb.

Qərara əsasən, siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək. Nazirlər Kabinetinin qərarı daxili bazarı qorumaq, ərzaq və təminatda stabilliyi təmin etmək məqsədi daşıyır.

Gununsesi.info