Azərbaycanda hər gün yenilənən qiymət artımı: Görünən və görünməyən səbəblər - TƏHLİL

Novruz bayramının günlərini yaşayırıq. Bu günlərdə də alış-verişin  qızğın vaxtlarıdır. Hər il bayram ərəfəsində çəkilən xərclər ötən illə müqayisə olunur.

Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsulları üzərində qiymətlərdə artım müşahidə olunur. Qiymət artımları alıcı qüvvəsinə eyni zamanda bayram süfrələrinə çəkilən xərclərə öz təsirini göstərir.

Bəs, görəsən, ötən illərə nisbətən Novruz Bayramının bazarlığına nə qədər xərc çıxır? Qiymətlər insanların cibinə uyğundurmu?

Mövzu ilə bağlı  Gununsesi.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ötən illərlə müqayisədə 20-25 faiz artım müşahidə olunur.

 

 

O qeyd edib ki, bu məsələlər ailə büdcəsindən asılı olan məsələdir:

“Azərbaycanda Novruz bayramı prosesi bir həftə davam edir. Bu bayram insanlar tərəfindən sevildiyi üçün insanlar qonaq gedir, qonaq qarşılayır süfrə qururlar. Qurulan süfrələrə gəlirliyindən asılı olmayaraq, müxtəlif nemətlərin olmasına çalışırlar.

Təbii ki, bayram bazarlığı kifayət qədər xərc tələb edir. Burda iki məsələ var. Bir rəsmi statistika və süni artım. Rəsmi statiska qiymətlərdə cüzi artım olduğunu deyir. Ancaq təbii ki, bu belə deyil və bu statiskaya inam azdır. Çünki insanlar özləri gündəlik bazarlığlarında vəziyyəti görürlər.

Ötən illərə nisbətən rəsmi rəqəmləri götürsək, qiymətlərdə təqribən 20-25% artım müşahidə olunur. Bu gün insanların fikrini qarışdıran endirim elanları var. Qiymət endirimlərinə baxanda görürsən ki, əvvəlki qiymətlərdən heç də fərqi yoxdur. Əvvəl artırıb, sonra da aşağı salıb, endirim adından satışa çıxarırlar.

Qeyd etdiyim kimi, bu məsələ ailə gəlirlərindən asılıdır. Yeddi günə iki min manat da xərcləməkdə olur, iki yüz manat da xərcləmək olur”.

Ekspert deyir ki, insanların bu gün qiymətlərin artımından çox ciddi narazılığı var.

Onun sözlərinə görə, ikinci məsələ isə süni qiymət artımıdır:

“Burda süni qiymət artımından söhbət gedə bilməz. Çünki bizdə süni qiymət artımı anlayışı yoxdur. Qiymətlərin dövlət tərəfindən tənzimləməsi yoxdur. Dövlətin buna müdaxilə imkanları məhduddur. Bizdə Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər bəllidir. Ancaq pərakəndə satış qiymətlərinə dövlət birbaşa təsir edə bilmir. Lakin dolayısıyla təsir edə biləcək çoxlu mexanizmlər var ki, ondan da istifadə edilmir.

Məsələn, İqtisadiyyat Nazirliyin nəzdində olan antiinhisar orqanları var. Onlar nədənsə gedib pərakəndə satış dükanlarında monitorinq edirlər ki, bu da nə qanuna, nə də məntiqə uyğundur. Onların əsas işi o olmalıdır ki, topdansatış həyata keçirən iri şirkətləri yoxlasın. Qiymət sövdələşdirilməsinin olub-olmamasından, qiymətləri bazarda hegemon mövqe olduğuna görə artmasını yoxlamalıdırlar.

Təəssüf ki, belə yoxlamalar aparılmır və nəticə etibarilə də topdan satış ticarəti ilə məşğul olan azsaylı şirkətlər bazarda pərakəndə satışda qiymətləri diktə etmək imkanları yaranır.

Onların rəqabətsizlik mühitindən istifadə edirlər. Hökumətin də əsas qayəsi olmalıdır ki, rəqabətlilik mühitini artırsın. Rəqabət o qədər güclü səviyyədə artsın ki, qiymətlərin kəskin artımının qarşısını alan əsas faktora çevrilsin. Bizdə isə ən çatışmayan əsas məsələlərdən biri də məhz rəqabətli mühitlə bağlıdır”.

 

 

 

Şəbnəm Rəhimova 

Gununsesi.info