Azərbaycanda QİÇS-ə yoluxanların sayı açıqlanıb

  • By admin
  • 30 Noyabr 2016 16:26

qics
Bu gün Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1 dekabr Ümümdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbir keçirilib.
Gununsesi.info Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər ki, tədbir zamanı qeyd edildi ki, bu tarix dünya ictimaiyyətinin bu problemə diqqətinin yönəldilməsi məqsədi ilə 1988-ci ildə təsis olunub.
Tədbirdə həmçinin qeyd edildi ki, 21 noyabr 2016–cı il tarixində UNAIDS-in yeni hesabatı açıqlayıb. Hesabatda qeyd edilir ki, 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib ki, onlardan da 2,1 mln. nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Xilasedici ARV-terapiya (ART) qəbul edənlərin sayı 18,2 mln. nəfər olub ki, onların arasında uşaqlar 910 min nəfərdır. UNAIDS in hesabatında o da qeyd olunur ki, 2020-ci ilə kimi 30 mln. İİV-lə yaşayan insanı ARV terapiya ilə təmin etmək mümkün olacaq.
İİV/QİÇS problemi Azərbaycandanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
2016-cı ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənıb. Onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir. Qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır.
Ümumilikdə 2016-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub.
İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3418 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 458 nəfərə müalicə 2016-cı ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını alamaq üçün 237 hamilə ART-yə qoşulub.
01.06.2015-ci il tarixindən etibarən Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin 11 ayı ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri davam etdirilib. Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə avqust ayında ölkədə “İİV müayinəsi ilə bağlı Milli həftəlik”, 18-25 noyabr 2016-cı il tarixində “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilib. İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndirici məlumatlar dərc edilib. Prioritet olaraq, əsas diqqət həmişə olduğu kimi, risk qrupları üzərində qalmaqda davam edir. İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 stasionar könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq ücün, QHT-lər və əlaqəli beynəlxalq qurumlarla iş davam edilir.
Anar
Gununsesi.info