Azərbaycanı Avropa yoxsullarından nə ayırır? - TƏHLİL

  • Müəllif: admin
  • 27 Dekabr 2017 10:50

Məmurların 2020-ci ilə qədər Azərbaycanda yoxsul şəxsin qalmayacağı barədə bəyanatı ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Azərbaycanda bu hədd necə ölçülür? Məlumdur ki, ölkədə minimum əməkhaqqı ilə yanaşı, yaşayış minimmumu da mövcuddur. Hökumət hesab edir ki, kim yaşayış minimumundan az maaş alırsa, yoxsul hesab edilir. Lakin işverən təşkilat qanunla işçiyə minimum əməkhaqqından da az məvacib verə bilməz.

Qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu 173 manat, minimum əməkhaqqı isə 130 manat olması nəzərdə tutulub. Qarşıdakı 3 ildə hökumətin bu yoxsulluğu tamamilə necə aradan qaldıracağı maraq doğurur?

İqitsadçı-ekspert Rövşən Ağayev deyir ki, əhalinin həyat səviyyəsinə görə dünyanın ən öncül coğrafiyasında belə, yoxsulluğu nəinki yox etmək mümkün olmayıb, əksinə hələ də əhalinin hər 4 nəfərindən biri yoxsulluq riski altında yaşayıb: “Məşğul əhalisinin az qala 70%-i sosial sığortasız, bütün əhalisinin hamısı tibbi sığortasız qaldığı, orta aylıq qazancın 250-300 dolları ötmədiyi Azərbaycanda isə baş nazirin müavini yaxın 2 ildə ölkədə 1 nəfər belə yoxsulun qalmayacağını deyir”.

Avropa Statistika orqanının məlumatına görə, Avropa Birliyi üzrə uşaqlı ailələrin 24.6%-i, uşaqsız ailələrin 22.1%-i, 18 yaşdan aşağı əhalinin 26.5%-i, 65 yaşdan yuxarı əhalinin 17.7%-i yoxsulluq və ya sosial təcrid riski ilə üz-üzədür. Eyni zamanda işləyənlərin 12.4 %-i, işsizlərin 67 %-i  bu risk daşıyıcısıdırlar. 

(infoqrafika) 

Avropa İttifaqında yoxsulluq həddi  23.4 % təşkil edir. Burada statistikada 2016-ci ildə ölkələr üzrə yoxsulluq həddi belə göstərilir:

Bolqarıstan 40.4 %

Rumuniya 38.8%

Yunanistan 35.6%

Litva 30.1 %

Xorvatiya 28.5 %

Latviya 27.9 %

Kıprıs 27.7 %

Macarıstan- 26.3%

Portuqaliya 25.1 %

Estoniya 24.4 %

Böyük Birtaniyada 22.2%

Polşa 21.9 %

Belçika 20.7 %

Malta 20.1 %

Almaniya 19.7 %

Sloveniya 18.4 %

İsveç 18.3 %

Fransa 18.2 %

Slovakiya 18.1 %

Avstriya 18 %

İsveçrə 17.8%

Hollandiya 16.7 %

Danimarka 16.6 %

Norveç 15.3 %

Çexiya 13.3 %

Azərbaycanda isə yoxsulluq səviyyəsi rəsmi statistikada 5.9 faiz göstərilir. Belə olan halda Azərbaycanda yaşayış səviyyəsi, həqiqətənmi, Avropa ölkələrindən yüksəkdir?

Rövşən Ağayev bildirir ki, Avropa ölkələrində bizdən fərqli olaraq yoxsulluğu istehlak xərclərinə əsaslanan mütləq yoxsulluq göstəricisindən daha çox, gəlirlərə əsaslanan nisbi göstəriciyə üstünlük verirlər: “Məsələn, bizdə ayda 155 manatdan az xərcləyən şəxs avtomatik yoxsul sayılır. Avropada isə median gəlirlərin 60%-dən az qazanan şəxs kasıblar qrupuna düşür.

Bizim praktilamızı tətbiq edən ölkələrdə bu ölçmənin natural tərəfləri də var. Məsələn, Azərbaycan qanunvericiliyinə görə, il ərzində 33 kq ət, 7.7 kq balıq və balıq məhsulları, 38 kq meyvə, 55 kq kartof yeməyə maddi imkanı olmayan şəxs yoxsuldur. Amma Qazaxıstan hökuməti üçün o şəxs yoxsuldur ki, il ərzində 59 kq ət, 18 kq balıq və balıq məhsulları, 60 kq meyvə, 100 kq kartof yeməyə maddi imkanı yoxdur. Yaxud Estoniya hökuməti üçün o şəxs yoxsuldur ki, il ərzində 50 kq ət, 34 kq balıq və balıq məhsulları, 97 kq meyvə, 144 kq kartof yeməyə maddi imkanı yoxdur. Daha maraqlısı, Estoniyada minimum ərzaq səbətinə bal, kofe, kakao kimi məhsullar da daxildir, bizdə bu məhsullar yoxdur”.

Onun sözlərinə görə, Avropa Birliyinin statistika orqanı nisbi yoxsulluq səviyyəsi ilə yanaşı, insanların yoxsulluq riski ilə üzləşmə səviyyəsini də aşkarlamaq üçün göstəricilərdən istifadə edir: “Məsələn, “maddi məhrumiyyət” və “kəskin maddi məhrumiyyət”in statistikası ayrıca aparılır. Kredit (ipoteka da daxil) və yə icarə haqqına, kommunal xidmətlərə görə ev təsərrüfatının borcu olan, ildə ən azı 1 dəfə evdən kənarda 1 həftə istirahət etmək imkanı olmayan, həftədə 3 dəfə ət (yaxud toyuq, balıq və ya onların tərəvəz ekvivalenti) almaq imkanı olmayan, zəruri məişət əşyaları (telefon -mobil telefon da daxil, televizor, paltaryuyan, avtomobil) almağa maddi imkanları olmayanlar “maddi məhrumiyyətə düçar olanlar” kateqoriyasına düşürlər”.

Vüsalə

Gununsesi.info