Azərbaycanın diplomatik pasportlara malik şəxsləri Laos viza gedə biləcəklər

  • By admin
  • 19 İyun 2017 23:22

aebc4d82-92f0-4390-a464-19c93c54c87d_640

Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycanda rəsmi səfərdədir.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, səfər çərçivəsində S.Kommasit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, Baş nazir Artur Rəsi-zadə, Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşüb.

Nazir Fəxri xiyabanı ziyarət edərək mummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. S.Kommasit həmçinin Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və S.Kommasitin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirilib.

Nazirlər Azərbaycan və Laos arasında bütün sahələrdə əməkdaşlığın yenilənməsi və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu xüsusda, onlar yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini qeyd ediblər. E.Məmmədyarov S.Kommasitin səfərinin Azərbaycan və Laos arasında ilk rəsmi səfər olduğunu deyərək, bu səfərin ikitərəfli əlaqələrin bütün sahələrində inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazirlər həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlər inkişafında mühüm rola malik olduğunu qeyd edərək, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviqi barəsində danışıblar.

Daha sonra tərəflər ikitərəfli münasibətlərin perspektiv vəd edən istiqamətlərinin müəyyənləşdirilməsi üzrə geniş fikir mübadiləsi aparıblar və iqtisadiyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildiriblər. Onlar bu imkanların üzə çıxarılması baxımından hər iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması və biznes forumların təşkil edilməsinə dair ortaq mövqelərini bölüşüblər. Onlar ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Nazirlər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iki ölkə arasında beynəlxalq təsisatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barəsində məlumat verib. Nazirlər münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə dəstəyi bəyan ediblər.

Görüşdə həmçinin “Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş” imzalanıb.

Gununsesi.info