Azərbaycanlı alim Almaniya universitetində professor oldu

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2026 23:06

Azərbaycanlı tədqiqatçı Nicat Mehdiyev Almaniyanın Leypsiq Universitetində professor vəzifəsində fəaliyyət göstərəcək.

Gununsesi.info  xəbər verir ki, alim universitetdə informasiya sistemləri, xüsusilə intellektual informasiya sistemləri və prosesləri sahəsində müvəqqəti professor (interim professor) kimi çalışacaq.

Nicat Mehdiyev indiyədək Almaniyanın Süni İntellekt üzrə Tədqiqat Mərkəzinin (DFKI) İqtisadi İnformatika İnstitutunda bölmə meneceri və baş tədqiqatçı vəzifələrində işləyib.

O, iqtisadi informatika üzrə bakalavr təhsilini Ziqen Universitetində alıb. Daha sonra Münhen Texniki Universiteti və Auqsburq Universitetində maliyyə və informasiya menecmenti üzrə magistr təhsili alıb.

Mehdiyev Saarland Universitetində doktorluq dissertasiyasını izah edilə bilən süni intellektin proqnozlaşdırıcı proses analitikasında tətbiqinə həsr edib. Habilitasiya işi isə qeyri-müəyyənliyin kəmiyyətcə qiymətləndirilməsi ilə izah edilə bilən süni intellektin inteqrasiyası vasitəsilə etibarlı proses intellektinin inkişafını əhatə edib.

Alimin əsas tədqiqat istiqamətləri izah edilə bilən süni intellekt, proseslərin intellektual təhlili (Process Mining), informasiya sistemləri və insan mərkəzli süni intellektdir. O, biznes proseslərinin proqnozlaşdırılması və təhlili, eləcə də verilənlər əsasında qərarların qəbulunu dəstəkləyən etibarlı süni intellekt metodlarının hazırlanması üzərində çalışır.

Gununsesi.info