Azərbaycanlı alimin xaricdə aldığı fəlsəfə doktoru elmi dərəcəsi təsdiqlənib.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə Samir Zakir oğlu Orucovun xaricdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi sənədi təkrar attestasiya əsasında təsdiqlənib.
Komissiyanın reyestr məlumatına əsasən, elmi dərəcə “5302.01 – Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə rəsmiləşdirilib.
Samir Orucov bakalavr təhsilini Bakı Dövlət Universitetində Prezident təqaüdçüsü kimi başa vurduqdan sonra Azad Berlin Universitetində, daha sonra isə Çexiyanın ABŞ akkreditasiyalı CERGE-EI institutunda magistr dərəcələrinə yiyələnib.
Doktorantura pilləsini isə Fransanın Bretagne-Sud Universitetində (Université Bretagne Sud) tamamlayıb. Dissertasiya işində maliyyə zaman sıralarında dəyişkənliklərin modelləşdirilməsi və proqnozlaşdırılması üçün yeni riyazi modellər irəli sürüb.
Hazırda Samir Orucov ADA Universitetində Riyaziyyat və Statistika üzrə baş müəllim (Assistant Professor) kimi fəaliyyət göstərir və universitetdə biznes statistikası və riyazi statistika fənlərini tədris edir.
Onun hazırkı elmi fəaliyyəti maliyyə zaman sıralarının maşın və dərin öyrənmə üsulları ilə modelləşdirilməsinə, Bitkoin bazarında şərti dəyişkənliyin süni intellekt əsaslı qiymətləndirilməsinə, paralel hesablama quruluşları vasitəsilə yüksək tezlikli maliyyə məlumatlarının təhlilinə və nadir hadisələrin ehtimalının ekstremal qiymət nəzəriyyəsi ilə qiymətləndirilməsinə yönəlib.
Samir Orucov, eyni zamanda, İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin Statistika şöbəsində çalışır, telekommunikasiya sahəsində məlumatların təhlili və statistik sistemlərin qurulması prosesində iştirak edir.
Gənc alimin elmi məqalələri beynəlxalq nəşrlərdə, o cümlədən “Journal of Time Series Econometrics” jurnalında dərc olunub.
Günay












