Azərbaycanlı rejissor vəfat etdi

  • By admin
  • 14 Avqust 2017 18:20

40ea1355b9750b9c90b02558d54b39c0

Azərbaycan Respublikasının Əməkdar Artisti Mərdan Feyzullayev vəfat edib.

Gununsesi.info məlumat verir ki, kulis.az-ın rejissorun dostu, aktyor Şirzad Pirallahidən aldığı xəbərə görə, Mərdan Feyzullayev dünən 59 yaşında Moskva şəhərində vəfat edib. Pirallahinin sözlərinə görə, Mərdan Feyzullayev xəstə deyilmiş, Moskvanın baş rejissor işlədiyi “Jar Ptitsa” teatrından məşqdən çıxıb evə gedib və axşam qəfil halı pisləşib.

Bu gün saat 12-də işlədiyi teatrda Mərdan Feyzullayevlə vida mərasimi keçiriləcək. Daha sonra rejissorun cənazəsi Azərbaycana gətiriləcək.

Mərdan Əhmədiyyə oğlu Feyzullayev 3 fevral 1959-cu ildə Şəkinin Kiş kəndində anadan olub.

1973-cü ildən məktəbin dram dərnəyində həvəskar aktyor kimi çıxışlar edib. Kənd orta məktəbini bitirərək Şəki Dövlət Dram Teatrının yardımçı heyətində aktyor kimi çalışıb. 1977 – 1979-cu illərdə hərbi xidmətdə olmuş, 1979 – 1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almış və təyinatla Şəki teatrına göndərilmişdir. 1984 – 1989-cu illərdə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin rejissorluq fakültəsində təhsil almışdır.

Mərdan Feyzullayev 1989 – 1994-cü illərdə Şəki teatrının baş rejissoru işləmişdir. Şəki Dövlət Dram Teatrında 30-dan artıq tamaşaya quruluş vermiş Mərdan Feyzullayev son dəfə 2016-cı ildə S.Vurğunun “Vaqif” pyesini tamaşaya qoymuşdur.

2011-ci il iyul ayının 4-də Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur.

Mərdan Feyzullayev 1994-cü ildən Moskvada yaşayıb, Moskva Komediya Teatrında, R.Simonov adına Moskva Dram Teatrında və «Səməndər quşu» Kukla Teatrında rejissor işləmişdir. 2009-cu ildə işlədiyi teatrın nəzdində  «Dərviş» Azərbaycan teatrı açmış və bu teatrda Mirzə Fətəli Axundzadənin «Lənkəran xanının vəziri», Elçinin «Şekspir», Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan», Bəxtiyar Vahabzadənin «Gülüstan» (monotamaşa), «Leyli və Məcnun» (Nizami Gəncəvinin və Məhəmməd Füzulinin eyniadlı poemaları əsasında) əsərlərini tamaşaya hazırlamış, həmçinin bu tamaşaları Rusiyanın vilayətlərində də tamaşaçılara təqdim etmişdir.

Mərdan Feyzullayev 2010-cu ildə Rusiya Federasiyasının «Vətən qarşısında xidmətlərinə görə» medalına layiq görülmüşdür.

Gununsesi.info