“Azərsu”nun Mərkəzi Laboratoriyası akkreditasiya sahəsinə daxil olan metodların sayını artırır

  • By admin
  • 24 Aprel 2017 07:54

azersu merkezi laboratoriya

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun davam etdirir. 2015-ci ildə Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Laboratoriya hər il akkreditasiya sahəsinə daxil olan metodların sayını artırır.

Gununsesi.info-nun məlumatına görə, “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Mərkəzi Laboratoriya dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən laboratoriyaların təcrübəsini əsas götürərək beynəlxalq səriştəlilik testi proqramlarına qoşulur.

Mərkəzi Laboratoriyanın Tullantı Suların Mikrobioloji Analizlərin Aparılması şöbəsinin analiz metodları Amerikanın ERA şirkəti tərəfindən təşkil olunan səriştəlilik testi proqramına təqdim edilib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 356 laboratoriyanın iştirak etdiyi səriştəlilik testi proqramında Mərkəzi Laboratoriyada tullantı sularında aparılan mikrobioloji analizləri 100 faiz nəticə toplayaraq fərqlənmə sertifikatı ilə təltif olunub.

Bu nailiyyət Mərkəzi Laboratoriyada analizlərin yüksək keyfiyyətlə aparılmasının, burada tətbiq olunan metodların düzgünlüyünün, kadrların peşəkarlığının göstəricisidir.

Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 2013-cü il sentyabrın 16-da fəaliyyətə başlayıb. Ümumi sahəsi 1800 kvadratmetr olan laboratoriya binası içməli su və tullantı suları bölmələrindən ibarətdir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. İstənilən ərazidə və şəraitdə analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb.

Gununsesi.info