AZAL daha 4 ədəd “Boeing 787-8” tipli təyyarə alacaq

  • By admin
  • 23 Fevral 2018 15:50
“AZAL və “Boeing” arasında imzalanmış sazişə əsasən, 2018-ci ildən etibarən Azərbaycana “Boeing 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq, 2020-ci ilin sonunadək isə onların ümumi sayı 10 ədədə çatacaq. 2022-ci ilin sonunadək ölkəyə daha 4 ədəd “Boeing 787-8” tipli təyyarənin gətirilməsi gözlənilir”.
Bu barədə Gununsesi.info-ya AZAL mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,  AZAL aviaşirkətinin dəvəti ilə “Boeing Commerical Airplanes” şirkətinin Prezidenti və Baş icraçı direktoru Kevin Makalister Bakıda işgüzar səfərdədir.
Səfər zamanı “Azərbaycan Hava Yolları” QSC və “Boeing” Korporasiyası  rəhbərliyi arasında görüş  keçirilib və görüşdə iki qurum arasında çoxillik əməkdaşlıq çərçivəsində yaranan möhkəm tərəfdaşlıq münasibətlərindən razılığını bildirilib. 
AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərov qeyd edib ki, “Boeing” Korporasiyası ilə əməkdaşlıq strateji xarakter daşıyır. 2000-ci ildə prezident Heydər Əliyev göstərişi ilə ilk dəfə olaraq “Azərbaycan Hava Yolları”nın təyyarə parkına Qərb istehsalı “Boeing 757-200” təyyarələr əlavə edilib. “Həmin dövrdə “Boeing” Korporasiyası təlimatçı heyət və proqram təminatı vasitəsilə bu tip təyyarənin öyrənilməsi və xidmət olunması, həmçinin “B757/767” təyyarələri üçün yerüstü trenajorların öyrənilməsi işində böyük köməklik göstərib. 
Sonrakı illərdə mülki aviasiyaya böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında AZAL-ın donanmasına “Boeing 767-300ER” hava gəmiləri, daha sonra isə ən müasir “Boeing 787 Dreamliner” laynerləri əlavə ediib”- deyə, o vurğulayıb.
AZAL prezidenti əlavə edib ki, sərnişin daşımalarının uğurları ilə yanaşı, ölkənin yük aviadaşımaları da dinamik inkişaf edir: “Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way Airlines” 2010-cu ildən etibarən hava gəmiləri parkını “Boeing 747 F” tipli yük təyyarələri ilə zənginləşdirmiş, 2014-cü ildən etibarən isə aviaşirkət ən yeni “Boeing 747-8F” yük təyyarələrini istismar etməyə başlanıb ki, bu, ona beynəlxalq yük daşımalarının aparıcı oyunçularından biri olmağa imkan verib”.
Öz növbəsində Kevin Makalister “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirmiş və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Danışıqlar zamanı həmçinin Azərbaycan mülki aviasiyasının istismarında olan bütün növ “Boeing” təyyarələrinin bizim texniki mərkəzin iştirakı ilə gələcək istismarı və texniki xidməti məsələlərinə də toxunulub.
Mürtəza
Gununsesi.info