AzTV-nin Musiqi baş redaksiyasının aparıcı rejissoru olmuş Nərgiz Cabbarlı oktyabrın 13-də həmkarı Nailə Quliyevanın A.Alışanovu ittiham edən statusuna sosial şəbəkədəki səhifəsində münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, N.Cabbarlının statusunda AZTV sədrinə qarşı kifayətqədər sərt münasibət bildirib:
“Dostlar! Keçmiş iş yoldaşım Nailə Quliyevanın AzTV sədri A.Alışanovun əməlləri ilə bağlı yazdıqları gerçəyi əks etdirir. Bu adamın ləkəli keçmişi, illər boyu maliyyə pozuntularına yol verməsi, adının saxta alqı-satqılarda və başqa kriminallarda hallanması, hətta bunlara görə keçmiş sədr Məmməd İsmayılın təşəbbüsü ilə Bakı şəhər prokurorluğunda cinayət məsuliyyətinə cəlb edilməsini hamı bilir. Onun sədrliyə necə gəlməsi, N.Xudiyevi yıxmaq üçün hansı oyunlardan çıxması, xüsusən də “Xəbərlər”də efir zamanı prezident materialları ilə bağlı kasetlərin dəyişik salınması üçün göstərdiyi “fəaliyyət” hər kəsə bəllidir. Bircə faktı deyim: AzTV Səhmdar Cəmiyyətə çevriləndə A.Alışanov sədr N.Xudiyevi musiqi kollektivlərini maddi cəhətdən saxlamağın mümkünsüzlüyünə (halbuki bunlar dövlət büdcəsindən maliyələşir) və onları ixtisar etməyə inandırmış, Xudiyev də bunu iclasların birində demişdi. Bundan istifadə edən A.Alışanov musiqi kollektivlərinin rəhbərini yanına yığıb şərt qoymuşdu ki, mən sizi şirkətdə saxlayacam, amma gərək camaatınız etiraz etsin və Nizamiyə qarşı 1-2 mitinq keçirsin. Həqiqətən də musiqiçilər prezident aparatının qarşısında N.Xudiyevi pisləyən mitinq keçirdilər. Onda şirkətdə danışırdılar ki, mitinqə gəlmələri üçün Alışanov bəzi fəallara pul vermiş, avtobus tutmuş, bir də bu mitinqlərin “Lider” kanalında efirə getməsini həll etmişdi. Həmin mitinqlərin keçirilməsində Alışanova dirijor Nəriman Əzimov və o vaxt Spase-də çalışan, indi isə AzTV-də Arifin rüşvət yığanlarından biri kimi tanınan Nadir Axundov kömək etmişdi. Bütün bunlar ona görə idi ki, N.Xudiyevin gedişi sürətlənsin. Halbuki o zaman Alışanov üzdə N.Xudiyevə yaltaqlanır, onun ayaqqabılarını cütləyir, bazarlığıni edir, evinin zibilini atırdı. Deməyim odur ki, bu gün özünü keçmişindən ayırmaq istəyən alışanovların, nadir axundovların sifətləri tamamilə başqadır”.
Qeyd edək ki, N. Cabbarlı AzTV-nin aparıcı rejissorlarından olub. Alışanovun onu qanunsuz işdən azad etdiyini deyən AZTV-nin sabiq əməkdaşı Azərbaycandakı bütün məhkəmə instansiyalarını keçib və Avropa məhkəməsinə şikayət göndərib.
Gülnaz Qənbərli
Gununsesi.info