“Bağlanan müəssisələrin sayı 3,5 dəfə çox olub” - Rövşən Ağayev

  • Müəllif: admin
  • 03 Aprel 2017 15:40

rovsen

Vegilər Nazirliyinin məlumatına görə, vergi ödəyici kimi qeydiyyatda olan bütün təsərrüfat subyektlərinin sayı 690 minə yaxındır. Bura fəaliyyət göstərib-göstərməməsindən asılı olaraq qeydiyyata alınmış bütün vergi ödəyiciləri daxildir.

Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini eksperti Rövşən Ağayevə istinadən bildirir ki, nazirlik bu rəqəmin nə qədər hissəsinin fəal (faktiki işləyən) vergi ödəyiciləri olduğu barədə məlumat yaymır:

“Halbuki vacib olan məlumat budur. Hər ay lap 10 min ödəyici VÖEN alsın, real fəaliyyəti olmayandan sonra onlaırn iqtisadiyyata nə faydası?

Sosial Müdafiə Fondundan gələn məlumat isə mənzərəni bir qədər aydınladır. Fonddun məlumatına görə, 2016-cı ilin sonuna işəgötürən qismində (sahibkar) faktiki işləyən ödəyicilərin sayı təxminən 147 min olub. Bu o deməkdir ki, vergi uçotunda olan sahibkar ödəyicilərin ən yaxşı halda 21%-i (hər 5-dən 1-i) faktiki ödəyicidir; çalışır, işçi işlədir, pul qazanır, büdcə ondan xeyir görür. Kağız üzərində deyillər, canlıdırlar”.

R.Ağayev Fondun başqa bir məlumatına əsasən qeyd edir ki,  2016-cı ilin 10 ayında 85 min fiziki şəxs ödəyici kimi uçota alınmış, 103 min nəfər fiziki şəxs isə fəaliyyətini dayandırmışdır:

“Fəaliyyətini dayandıranların sayı fəaliyyətə başlayanlardan təxminən 20% çox olub.

Hüquqi şəxslər üzrə dövlət reyestrinə isə 5517 subyekt daxil olmuş, 19550 subyekt isə fəaliyyətini dayandırmışdı – bağlanan müəssisələrin sayı açılanlardan 3.5 dəfə çox olub.

Muzdlu işçi kimi sığorta olunanların sayı isə 1.370 mln. nəfərdir ki, bu da iqtisadi fəal əhalinin cəmi 29%-ni təşkil edir. Bu o deməkdir ki, hazırkı rəqəmlərlə əmək qabiliyyəti olan insanların ən yaxşı halda hər 100 nəfərindən orta hesabla 25 nəfərinin potensial olaraq pensiya hüququ əldə etmək imkanı var.

Məlumata görə, həmin 1.370 min nəfərin 605 min nəfəri və ya 44%-i büdcə təşkilatlarının payına düşür. Büdcə sektorunda sığorta olunan işçilərin sayı 2015-ci ilə nisəbətən 2016-cı ildə təxminən 10 min nəfər azalıb.

Qeyri-büdcə təşkilatlarının sığorta etdirdiyi işçilərin sayı 2015-ci il üzrə 780 min, 2016-cı ildə 764 min olub – 15 min nəfərdən çox azalma oub”.

Vüsalə Rüstəmova

Gununsesi.info