Bakı atəşkəsə yox deyib, Xankəndiyə girsəydi… – VİDEO

  • By admin
  • 11 Noyabr 2021 19:09

Bu gün – 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının ildönümündə çoxlarını bu sual düşündürür: Azərbaycan atəşkəslə razılaşmayıb, Ənvər Paşanın 1918-ci ildə dediyi kimi, “çibanı dibindən kəsmək” istəsə və Xankəndiyə girsəydi, nələr olardı?

Dünyanın istisnasız olaraq bütün aparıcı hərbi ekspertləri, strateji düşüncə mərkəzləri Azərbaycanın müharibədəki uğurları davam etdirmək, sürətlə irəliləmək gücündə olduğunu təsdiqləyir. Bəs, uğurlu döyüş əməliyyatları niyə gözlənilmədən, 9 noyabrdan 10-na keçən gecə dayandırıldı?

Hətta bu böyüklükdə Zəfərin qarşısında Azərbaycanın içindən də elələri tapılır ki, bunu Ordumuza, dövlətimizə və hakimiyyətə qarşı istifadə etməyə çalışır.

Əslində, mənzərə necə idi?

Əvvəla: Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə ərzində xarici media qurumları və kanallarına verdiyi müsahibələr hər kəsin xatirindədir. Əksər media qurumlarının təmsilçiləri “prokuror kimi” çıxış edir və Azərbaycanın hərbi fəaliyyətinə qarşı dövlətlərinin mövqelərini ifadə edirdilər. Bu, o demək idi ki, “xristian təəssübkeşliyi” üçün fürsət gəzirdilər.

İkincisi, Azərbaycan BMT qətnamələrinin icrasını təkbaşına həyata keçirdiyini bildirir və beynəlxalq hüquqa əsaslanmaqla erməniyanlı dövlət və qurumların iddialarını alt-üst edir, bütün addımlarında beynəlxalq ictimai rəyi nəzərə alır, hətta müharibəni də konvensiyalara uyğun aparırdı. Ermənistanın müharibə zonasından yüz kilometrlərlə kənarda yerləşən şəhərlərimizə ballistik raket atması və Bakını da analoji addıma çəkmək istəyinin hədəfi bəlli idi. Əgər Azərbaycan adekvat cavab versəydi, Ermənistan tərəfdən gizli şəkildə müharibəyə qoşulmuş dövlətlərin açıq hərbi müdaxiləsinə beynəlxalq hüquq müstəvisində “əsas” vermiş olacaqdı.

Azərbaycan heç bir şəkildə buna getmədi və sona qədər düşmənin cavabını döyüş meydanında verdi.

BMT TŞ-nin 4 qətnaməsində hansı ərazilərin “dərhal və qeyd şərtsiz” boşaldılması əksini tapıb? Həmin o qətnamələrdə Xankəndi və Xankəndi ətrafı varmı?

Üçüncüsü: Azərbaycan Ordusu Xankəndiyə istiqamət alsaydı, Ermənistan və bu işğalçı ölkəni dəstəkləyən çoxsaylı dünya gücü “etnik təmizləmə” adı ilə Azərbaycana total şəkildə hücuma keçmək üçün fürsət əldə edəcəkdi.

İlk növbədə ölkəmizə qarşı genişmiqyaslı iqtisadi sanksiyalar başlayacaqdı, ardınca silah embarqosu, daha sonra siyasi təcrid işə düşəcəkdi.

Bu, ən yaxşı ssenaridir. Ən pis halda isə biz qarşımızda fransız və rus xüsusi təyinatlılarını, “Vaqner” tipində peşəkar muzdluları, dünyanın nüvə güclərinin ballistik raketlərini görəcəkdik.

Müharibə zamanı “qismən neytrallaşan” – açıq şəkildə etiraza qalxmayan İranın mövqeyini də post-müharibə zamanı gördük. İran hansı aktivliyi göstərəcək və nələr edəcəkdi?

Hələ müharibə zamanı Ordumuzun qarşısına keçib, hücumu 1 sutka ləngidən və ermənilərə toparlanmaları üçün şərait yaradan, Azərbaycan hərbi məlumatlarını Ermənistana ötürən İranın daha hansı addımlar atacağını yalnız təsəvvür etmək olar.

Müharibəni dayandıran səbəb

Müharibənin başladığı ilk günlərdə, ardıcıl zəfərlər qazandığımız anlarda hər kəsin fikri bu idi: Azərbaycan 7 rayonu azad edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə dirənəcək və erməniləri mədəni muxtariyyətə məcbur edəcək.

Şuşa – yalnız xəyal idi, Hadrutdan isə ümumiyyətlə söhbət gedə bilməzdi.

Hadrutun ardınca 8 noyabrda Şuşanın işğaldan azad edilməsi Azərbaycan üçün inanılmaz yuxunun çin olması, möcüzəydisə, Ermənistanın himayədarları üçün şok idi. Azərbaycanın bu qədər irəli gedəcəyini kimsə – hətta Rusiya da həzm edə bilməzdi və etmədi də.

Rusiyaya məxsus helikopterin Naxçıvan istiqamətində vurulması və rus pilotların ölümü həddən artıq böyük təxribat idi. O helikopter niyə vuruldu və səbəb nə idi?

10 noyabr gecəsi – Bakının üzərində partlayan 2 ballistik raket hardan peyda olmuşdu?

Rəsmi açıqlamalarda bu raketlərin Azərbaycan HHM qüvvələri tərəfindən zərərsizləşdirilmədiyi elan olundu. Bu raketlər hədəfə saniyələr qalmış öz-özünü məhv etmə sistemi ilə partladılmışdı. Zərbənin təsirindən isə Xırdalanda bəzi evlərdə çatlar yaranmışdı.

Bu, kimin və nəyin xəbərdarlığı idi?

Bu sualların artıq hər kəsdə cavabı var. Azərbaycan müharibəni dayandırmalı idi.

Dayandırdı. Ancaq necə?

İlham Əliyevin diplomatik qabiliyyətinə baxın:

1. Üçtərəfli bəyanatın ilk bəndindəcə xüsusi qeyd olundu: qoşunlar atəşkəs imzalandığı vaxt tutduğu mövqelərdə qalırlar.

Bu xüsusi bəndin salınmasının səbəbi nə idi?

Yuxarıda xatırlatdıq: Azərbaycan demirdimi ki, BMT TŞ-nin qətnamələri icra olunur? Deyirdi. Bəs, Hadrutun, Şuşanın və Xocavəndin kəndlərinin, Suqovuşanın və s. BMT TŞ qətnamələrinə bir aidiyyəti varmı?

İlham Əliyevin müharibədə Ordumuzun Zəfərini bax, bu cür rəsmiləşdirdi!

2. İlham Əliyev bütün müsahibələrində elan edirdi: Demirsiniz ki, müharibəni dayandıraq? Onda Ermənistan ordusu işğal etdiyi ərazilərdən çıxmaq qrafikini təqdim etsin!

Ermənistan həmin qrafiki təqdim etdi – Kəlbəcərdən, Laçından və Ağdamdan 20 gün müddətində çıxmaq öhdəliyini rəsmən götürdü və buna Rusiya zamin durdu.

3. Azərbaycan illər öncə Heydər Əliyevin ideyasını həyata keçirdi: Zəngəzur dəhlizi.

Müharibə davam edəcəyi halda Zəngəzur dəhlizinin açılması mümkün idimi? Hətta indi də Ermənistan buna cidd-cəhdlə müqavimət göstərir və təkcə Ermənistan deyil, İran da bu dəhlizə qarşı bütün vasitələrlə çalışır.

İlham Əliyev Ordumuzun ayağı dəyən ərazilərdən bir santimetr də geri çəkilməməyə nail oldu, Ağdam, Kəlbəcər və Laçını bir güllə atmadan qaytardı. Bu uğurun miqyasını təsəvvür edirsinizmi?

Kəlbəcər – başdan-başa dağlıq, Laçın da o cümlədən. O ərazilərdə hər təpə bir təbii istehkamdır, Murov kimi. O əraziləri işğaldan azad etmək üçün nə qədər itki, resurs, sursat xərcləyəcəkdik?

O ərazilər Ermənistanla sərhəddə yerləşir və “təminat yolları” da Ermənistandadır. O təminat yollarını kəsib, Ermənistan hərbi birliklərini məhv etmək üçün nə qədər şəhid verəcəkdik? Ermənistan içərilərinə nüfuz etməyimizin bədəli nə olacaqdı?

Müharibədən sonra gördük ki, düşmən ən böyük hücumu Ağdamdan gözləyirmiş və Ağdamın bütün ərazisini ancaq yeraltı tunellərə, istehkamlara çevirib, yalnız bu rayona 100 minə yaxın mina döşəyib.

Ermənilərin “güvəndiyi” ən böyük qurğular, 10 metrlik səngərin içindən idarə olunan iriçaplı silahlar, bir neçə metr qalınlığında dəmir poladdan hörülən istehkamlar, təminat Ağdamda idi! Əlbəttə, Azərbaycan Ordusunun bu əraziləri də alacağına şübhə yox idi. Ancaq qışın gəlişini də nəzərə alsaq, itkilərimiz nə qədər olacaqdı?

İlham Əliyev Ordumuzun 44 gündəki qələbəsini iki gün davam edən danışıqlar masasında fövqəladə diplomatik bacarıqla davam etdirdi. Müharibəni hansı hərbi, siyasi və iqtisadi bacarıqla başlamışdısa, hansı təbliğatla dünyanı susdurmağa nail olmuşdusa, hansı taktika ilə ildırımsürətli hücumu gerçəkləşdirmişdisə, hansı fəhmlə hücum əmrini vaxtında verməyi anlamışdısa, ondan daha artıq diplomatiya ilə masada Zəfər çaldı. Elə həmin gün də elan etdi: Status cəhənnəmə getdi, gorbagor oldu!

İlham Əliyev post-müharibə demir, post-münaqişə deyir!

İlham Əliyev “nə qədər ki, mən prezidentəm” – ki onun prezidentliyini hələ onillərlə davam etdirməsi sadəcə arzumuz, – “heç bir status olmayacaq” deyir.

İlham Əliyev Bakını İstanbulla birləşdirən quru yolunu inşa edir!

İlham Əliyev bu xalqın yüz illərə dayanan arzusunu gerçəkləşdirir!

Bu Zəfər də, üçtərəfli bəyanatla müharibənin dayanması da – İlham Əliyev stareteji düşüncəsinin məhsulu, Ordumuzun gücü, Xalqımızın birliyinin nəticəsi…

İndi masada 1920-ci ildən bəri, 70 il müddətində Ermənistana “parça-parça” kəsilib verilən torpaqlarımızın qaytarılmasıdır;

İndi masada 1920-ci illər xəritəsi ilə sərhədlərin çəkilməsidir.

Bunlar artıq savaşla deyil, Ordunun psixoloji gücü ilə diplomatiyada həll olunur – bir güllə atmadan!

Savaşla buna nail ola bilərdikmi?

Azərbaycanın 17 min kv.km ərazisi 30 ilə yaxın işğalda qaldı, 44 gündə işğaldakı torpaqlarımızın həcmi 3 min kv.km-dan da aşağı düşdü.

İndi Xankəndinin Azərbaycan olduğuna kimsə şübhə etməsin!

Ancaq bununla bitməz ki! İndi Qaragöl, Zod yatağı, Qazaxın 7 kəndi ilə quru əlaqəmizi təmin edən 3 min hektar ərazi gündəmdədir.

İndi Kərki və Kərkiyə aparan yol müzakirə olunur!

İndi Zəngəzur yolu açılmalıdır!

Müharibə məqamında, vaxtında bitdi: Ondan artığının fəsadlarına heç kim dözməzdi – necə ki, indi Qarabağın dirçəldilməsi üçün xərclənən milyardlara görə yaşanan çətinliklərə dözmək asan deyil. Bəs, sanksiyalar gəlsə, döyüş bir ay da davam etsə və resurslarımız xərclənsə nə olacaqdı?

Böyük Zəfərə əsla kölgə salmayın: 26 il dözdük və 14 min kv.km-i geri qaytardıq, indi də 5 il, lazım olacaq 10 il dözəcəyik, ancaq təkcə 3 min kv.km-i qaytarmayacağıq, həm də 70 ildə verilənlərdən geri alacağıq…

Zəfərimizin böyüklüyü bundadır!

Üçtərəfli bəyanatdakı hərbi-diplomatik Qələbə budur!

Tanrı Ordumuzu, Xalqımızı və Ali Baş Komandanımızı qorusun!

Gununsesi.info