Jurnalist Xəqani Səfəroğlu Bakıdan Lənkərana səfəri zamanı avtobusların vəziyyəti ilə bağlı narazılığını bölüşüb. O, marşrut üzrə sərnişinlərə müasir, geniş və kondisionerli avtobuslar əvəzinə köhnə mikroavtobusların xidmət göstərməsini tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, Səfəroğlu bildirib ki, Lənkərana bilet alarkən böyük, işıqlı, kondisionerli və rahat avtobusda səfər edəcəyini düşünüb. Lakin avtovağzala çatdıqda gözləntisi doğrulmayıb.
Onun sözlərinə görə, sərnişinləri Lənkərana aparan mikroavtobus olduqca köhnə və narahat vəziyyətdə olub:
“1980-ci illərin istehsalı olan “Mercedes” minibusu bizə qaşqabaqla baxaraq sərnişinləri yığırdı. Fikir verdim: Bu, əvvəl yük avtomobili olub. Sonra işbazlar içəriyə oturacaqlar düzərək onu “adam aparan maşına” çeviriblər”.
Jurnalist mikroavtobusun dar və sıx olduğunu, kondisionerin isə lazımi səviyyədə işləmədiyini qeyd edib. Bundan əlavə, baqaj yerinin sərnişinlərin çamadanlarını yerləşdirmək üçün kifayət etmədiyini bildirib.
“Çamadanları necə gəldi basıb üst-üstə yığan sürücü tərini silib, ‘bu qədər çamadanı nə üçün aparırsınız axı?’ deyə istirahətə gedən sərnişinlərin ünvanına gileylənirdi”, – deyə Səfəroğlu yazıb.
Xəqani Səfəroğlu əsas sualın isə Bakı-Lənkəran istiqamətində niyə müasir və rahat avtobusların işləməməsi olduğunu vurğulayıb.
Onun apardığı araşdırmaya görə, əsas səbəb marşrutun sahibkarlar üçün iqtisadi baxımdan cəlbedici olmamasıdır.
Bildirilir ki, böyük avtobuslarda bütün biletlərin satılmaması, boş yerlərin qalması, yanacaq və digər istismar xərclərinin yüksək olması şirkətlərin bu istiqamətə marağını azaldır.
Səfəroğlu yazır ki, bu səbəbdən şirkətlər Lənkərana böyük və müasir avtobuslar çıxarmağa həvəs göstərmirlər.
Məsələ ilə bağlı daha bir diqqətçəkən məqam isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Lənkəran marşrutunu 2025-ci ildə bir neçə dəfə müsabiqəyə çıxarması, lakin böyük avtobus parkına malik şirkətlərin müsabiqəyə maraq göstərməməsidir.
Bu vəziyyət isə bir sıra suallar doğurur:
Ölkənin əsas turizm və nəqliyyat istiqamətlərindən biri olan Bakı–Lənkəran marşrutu niyə sahibkarlar üçün cəlbedici deyil? Böyük avtobusların işləməsinə mane olan əsas problem nədir? Marşrutun rentabelliliyini artırmaq və sərnişinlərə daha komfortlu nəqliyyat xidməti göstərmək üçün hansı addımlar atılmalıdır?
Lənkəran istiqamətində müasir avtobusların olmaması həm yerli sakinlərin, həm də bölgəyə səfər edən turistlərin rahatlığı baxımından müzakirə mövzusudur.
Elmar












