Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir

  • By admin
  • 28 Sentyabr 2021 17:07

Prezident İlham Əliyev indiyə qədər Qarabağdakı erməni vətəndaşlarla bağlı fikirlər səsləndirib, lakin “Anadolu”ya müsahibəsində bir neçə məqam yeni idi.

Birincisi, ermənilərin iş üçün Şuşaya gəlməsidir:

– bu haqda məlumat mediada yayılıb, lakin Prezident bunun bir yox, bir neçə dəfə olduğunu deyir:
– beynəlxalq ictimaiyyətə ermənilərin hazırki vəziyyətdə yaşaya bilmədiyi və yaşamaq üçün Azərbaycanın idarəçiliyinin bərpa edilməsinin alternativinin olmadığı göstərilir;
– Qarabağdakı ermənilərə gələcəklərini təmin etmək üçün çıxış yolu təqdim edilir;

İkincisi, Prezident Qarabağdakı ermənilərə “sizi işlə təmin etməyə hazırıq” mesajını göndərdi və bunun üçün “hüquqi tərəfi tam yerinə oturmasının” vacibliyini vurğuladı:

– bu, ciddi problemlərlə üzləşən ermənilərin işləmək, yaşamaq və övladlarının gələcəyini təmin etmək məqsədilə Bakının idarəçiliyini qəbul etməyə sövq etmək məqsədi daşıyır;
– bölgədəki vəziyyət buna imkan verir, separatçı-terrorçu rejimin bu günlərdə bir erməni gəncini “xainlik” ittihamı ilə həbs etməsi də Bakının istədiyi şərtlərin yetişdiyi, yaxud yetişməyə başladığı göstərir;
– Əliyev erməni vətəndaşlara çıxış yolunu təqdim edir: siz Azərbaycan vətəndaşısınız, bunu qəbul edin və normal yaşayın;

Üçüncüsü, ermənilərə Qarabağ və Şərqi Zəngəzur rayonları ilə bağlı planlar nümunə kimi göstərilir: Bakı ermənilərin yaşadığı ərazilərdə də bu layihələri həyata keçirə bilər;

Dördüncüsü, Prezidentin “biz müharibə istəmirik, amma hər şey Ermənistandan asılıdır” sözləri Qarabağdakı ermənilərə də ünvanlanıb: Azərbaycan vətəndaşlığını qəbul etməmək sonda müharibəni qaytara bilər və bundan ilk növbədə bu ermənilər əziyyət çəkəcək;

Prezidentin sözləri Bakının Qarabağdakı ermənilər üçün proqramının təqdimatı da hesab oluna bilər. Bu çıxışdan sonra ermənilərin iş üçün Azərbaycan hərbçilərinə müraciət sayı da arta bilər.

Gununsesi.info