Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr – Beynəlxalq Turizm Günü ilə əlaqədar “Turizm həftəsi” elan edib.
İdarədən Gununsesi.info-ya bildirilib ki, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın xalçaçılıq incilərinin, milli sərvətlərin, tarixi abidələrin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə Nizami rayonu 1 nömrəli uşaq evinin sakinləri üçün ekskursiyalar nəzərdə tutulub. Ekskursiyalar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Milli Azərbaycan Tarixi və Azərbaycan Xalça muzeylərinə təşkil ediləcək.
Həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Beynəlxalq Turizm Günü ilə əlaqədar tədbirlər planı hazırlayıb. İdarənin şəbəkəsinə daxil olan müəssisələr – kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri tərəfindən müxtəlif sərgilər, söhbətlər, “dəyirmi masa”lar, ekskursiyalar, “açıq qapı” günləri təşkil olunacaq.
Gununsesi.info