Bakı-Tbilisi-Qars dəmiryolu bütün türk dünyasını birləşdirəcək - SƏFİR

  • Müəllif: admin
  • 03 Noyabr 2016 18:10
ozoral
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası nəticəsində bütün türk dünyasının yeni Dəmir İpək Yolu ilə birləşəcəyini, ölkələrimizin beynəlxalq aləmdə önəminin daha da artacaq. 

Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşündə deyib.
Milli Məclsin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.
Sədr qonağı qardaş Türkiyənin Azərbaycanda səfiri təyin olunması münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzuladı.  Bildirildi ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri, bu səfərlər zamanı  aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırılıb. 
Spiker əlaqələrimizin daha da dərinləşməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. O, beşinci çağırış Milli Məclisin Sədri kimi ilk rəsmi səfərini də məhz Türkiyəyə etdiyini söylədi. Bildirildi ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artıq bir ənənə halı almışdır. Bu, təcrübə və informasiya mübadiləsi baxımından olduqca önəmlidir. 
Spiker səfirin gələcək fəaliyyətində onsuz da yüksək səviyyədə olan siyasi, iqtisadi, mədəni, humanitar, elmi və sosial sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsində əlindən gələni əsirgəməyəcəyinə inamını  ifadə etdi.  
Qeyd edildi ki, mühüm əhəmiyyət daşıyan TANAP və TAP layihələrinin həyata keçirilməsində hər iki ölkə fəal iştirak edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallaşması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olub. Cənub qaz dəhlizinin müvəffəqiyyətlə başa çatması isə bu sahədə mühüm uğur olacaqdır. 
Sədr Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası nəticəsində bütün türk dünyasının yeni Dəmir İpək Yolu ilə birləşəcəyini, ölkələrimizin beynəlxalq aləmdə önəminin daha da artacağını söylədi. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Cümhuriyyətinin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral  ulu öndər Heydər Əliyevin söylədiyi kimi “bir millət iki dövlət” olan Türkiyə ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, bu yolda gərəkli addımlar atacağını dedi. Bildirildi ki, dost və qardaş Türkiyə ilə Azərbaycan arasında həll olunmamış heç bir problem yoxdur. Bizim münasibətlərimiz digər ölkələr üçün də nümunə ola bilər. 
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, regiondakı ictimai-siyasi durum və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Mürtəza
Gununsesi.info