“Bakı-Tehran əlaqələri İranın İrəvana yönəlik siyasətini dəyişməyə vadar edir” - POLİTOLOQ

  • By admin
  • 07 Aprel 2018 12:56

Son bir neçə ildə Azərbaycan-İran münasibətləri çox sürətlə inkişaf etməkdədir. İki ölkə arasında münasibətlərin bu cür inkişaf etməsi tarixdə müşahidə olunmayıb. Münasibətlər o səviyyəyə qalxmaqdadır ki, artıq iki ölkə bütün mübahisəli məsələlərin həllində ortaq məxrəc tapmaqdadırlar. Hətta əlaqələr o səviyyəyə çatıb ki, Azərbaycan nəinki iki ölkənin, eyni zamanda bölgə və regionlararası əlaqələrin ümumi inkişafına müsbət təsir edəcək  “Şimal-Cənub”, “Qərb-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşaması üçün İrana 500 milyon dollar həcmində kredit ayırıb. Bu əlaqələrin belə sürətlə inkişaf etməsinə baxmayaraq Azərbaycan cəmiyyətində, siyasi dairələrində hələ iki ölkə arasında münasibətlərin daha səmimi formada inkişaf etməsi baxımından bir sıra açıq suallar qalmaqdadır. Bunun ən əsası və ən birincisi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və buna Tehranın laqeyid mövqe sərgiləməsi, ikili siyasət yürütməsidir. Yəni Tehran dünyanın istənilən bölgəsindəki, o cümlədən  İslam coğrafiyasında hər hansı müsəlman ölkəsinə qarşı haqsızlıq baş verən zaman çox sərt reaksiya  verdiyi halda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində isə bir az fərqli münasibət bəsləməsi, müsəlman qardaşlarının haqq səsinə səs vermməsi bəzi sullar yaradır. Bu suallara aydınlıq gətirmək məqsədi ilə Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadəyə müraciət etdik.

Gununsesi.info-ya açıqlamasında İlqar Vəlizadə deyib ki, bu Tehranın xarici siyasətində çox ziddiyyətli məqamların olmasından xəbər verir. “Necə ola bilər ki, İran dünyanın müxtəlif ölkələrində, Yaxın Şərqdə, Fələstin, Suriya, İraq, Yəmən  və digər məsələlərdə ortaya sərt mövqe sərgilədiyi halda, özü ilə sərhəd  olan Azərbaycan müsəlman qardaşlarına olan işğalçılıq siyasətində fərqli mövqe sərgiləyir. Sözün doğrusu bu Azərbaycan cəmiyyətində və siyasi elitasında müəyyən sullar yaradır. Bu açıq suallar isə ikitərəfli münasibətlərdə müəyyən tərəddüdlərə yol açır. Biz hələ demirik ki, Tehran İrəvanın işğalçılıq siyasətini pisləsin, heç Xocalı soyqırımı və  şiə müsəlmanlarının tarixi yurdlarından etnik təmizləmə siyasətinə  məruz qalmasına laqeyd münasibət bəsləyir və onu pisləmir”- deyə, politoloq vurğulayıb.

Politoloq bildirib ki, Tehranın bu siyasəti İrandakə nüfuzlu mərkəzləri tərəfindən də qəbul edilmir: “Təəssüflər olsun ki, hakim siyasi elita buna lazımınca reaksiya vermir. Azərbaycan tərəfi də indiki məqamda daha aktual məsələlərlə məşğul olduğundan Tehrana təzyiq etmək istəmir”.

Bununla belə politoloq hesab edir ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf etməsi, birgə iqtisadi, enerji, nəqliyyat layihələrini icra etməsi  Tehranın bu yanlış siyasətinə öz müsbət təsirini göstərəcək: “İkitərəfli əlaqələrin inkişafı  ölkələrimiz arasındakı digər  açıq sualların aradan qalxmasına öz töhfəsini verəcək. Çünki Azərbaycan-İran münasibətlərinin inkişafı Azərbaycanın Ermənistanı təcrid siyasətini daha da dərinləşdirir və onun iqtisadu durumunu ağır duruma salır. Gələcəyə olan ümidlərini puça çıxarır”.

Politoloq Tofiq Abbasov isə hesab edir ki, artıq bu yanşama köhnəlib. “Ona görə ki, son illərdə Azərbaycan-İran arasında son illərdəki əlaqələrin sürətlə inkişaf etməsi və bu əlaəqlərin daha da dərinləşməsi tədircən Tehranın İrəvana yönəlik siyasətinə də öz təsirini göstərməkdədir. Azərbaycan-İran əlaqələrinin dərinləşməsi nəticəsində Tehranın xarici siyasətində Ermənistana yönəlik siyasətdə ciddi dəyişikliklərin şahidi olmaqdayıq. Azərbaycanın yürütdüyü düşünülümüş çevik və uğurlu siyasəti nəticəsində Tehranın Ermənistanla qaz, dəmiryol xətti çəkili və digər layihələri puça çıxdı. Həmin ideyalar arxivə göndərildi. Tehranın xarici siyasətindəki bu dönüş görünməkdədir. Bu gün Ermənistanda necə ki, bir anti-Rusiya mövqeyi tüğyan etməkdədirsə, bir müddətdən sonra  belə bir mövqeyin İrana qarşı da sərgiləcəyini istisna etmək olmaz. Belə ki, Tehran İrəvana onun iqtisadi təcriddən çıxmaq üçün dəstək verəcəyinə söz versə də, realda bunu etmədi və nəticədə Ermənistan daha pis vəziyyətə düşdü”- deyə, politoloq vurğulayıb.

Politoloq hesab edir ki, Azərbaycan-İran, Azərbaycan-Rusiya-İran, Türkiyə-Azərbaycan-Rusiya, Türkiyə-Rusiya, Türkiyə-Rusiya-İran münasibətlərinin inkişaf etməsi bu gün daha çox Ermənistanı qıcıqlandırmaqdadır və bunda ciddi əndişə keçirir: “İrəvan yaxşı anlayır ki, bu əməkdaşlıq formatları ancaq və ancaq İrəvanın ziyanına işləyir, onun təcrid siyasətini daha da dərinləşdirir, gələcəyinə olan ümidlərini puça çıxarır. Belə demək mümkünsə, Azərbaycan geostrateji mövqeyinin möhkəmlənməsi  İrəvanın yuxusunu ərşə çəkib. İrəvan da anlamaqdadır ki, geostrateji mövqeyi möhkəmlənən Azərbaycan günün birində özü təkbaşına Qarabağ münaqişəsini həll edə biləcək. O baxımdan da İrəvan Rusiyanı və digər müttəfiqlərini onları tək qoymaqda, Azərbaycana satmaqda ittiham edir”.

T. Abbasov əlavə edib ki, Türkiyə-Rusiya-İran yaxın Şərqdə problemlərin həllində hansısa uğur əldə edəcəyi təqdirdə, Qarabağ münaqişəsinin də həllinə çalışacaqlar. “Bu ölkələrə öz sərhədlərində Qarabağ kimi həll olunmamış bir münaqişənin varlığını özlərinə ciddi təhlükə hesab edirlər və bunda  maraqlı deyildirlər: “Onlar hesab edir ki, Ermənistan Qərblə sövdələşməyə gedib, bölgədə Rusiya-Türkiyə və iranın mövqeyinə zərbə vura bilər. Yəni Qarabağda müharibənin alovlanması təkcə iki ölkə arasında müharibə olmayacaq və  bütöv bir bölgəni cənginə alacaq. Belə bir müharibənin olması da istisna deyil və bu plan mövcuddur. Ancaq bundan da nəticədə itirən Ermənistan olacaq. Çünki Ermənistanın bu mənfur siyasəti onalrın keçmişi kimi gələcəklərini də məhv edəcək və bundan itirən ancaq onlar olacaq. Odur ki, Ermənistanın xarici siyasəti iflasa uğrayıb. O baxımdan da demək istərdim ki, Azərbaycanın yürütdüyü siyasət düzgündür. Ermənistandan fərqli olaraq qonşuları, İranla və digər ölkələrlə münasibətini qurarkən daha uzaq gedən siyasət yürütməklə, istəyinə nail olmağı qarşısına hədəf qoyub və bu yolla da Qarabağ məsələsində istəyinə tədricən nail olmağa başlayır. Yuxarıda dediyim kimi Tehran  Ermənistanla bağlı siyasətindədki dəyişikliyi dilə gətirməsə də, real olaraq bu siyasətini dəyişib. Hesab edirəm ki, Azərbaycanın yürütdüyü bu düzgün siyasət  sonda işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələnəcək”-deyə, T.Abbasov bildirib.

Gununsesi.info