Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

  • By admin
  • 04 Dekabr 2017 20:24

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranması günü ilə əlaqədar tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən BƏƏ-nin ölkəmizdəki səfiri Mohamed Hamel Al Qubaisi deyib ki, ölkəsi 1971-ci il dekabrın 2-də yaranıb. Onun sözlərinə görə, son 10 il ərzində BƏƏ beynəlxalq səviyyədə çox yüksək insan inkişafı, təhlükəsizlik və sabitlik üzrə ən yaxşı ölkələr sırasına daxildir.  Azərbaycan və BƏƏ arasındakı ikitərəfli dostluq  münasibətlərinin olduğunu  vurğulayan səfir bildirib ki, bu əlaqələrin kökü əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə dayanır, iki ölkə və xalq güclü tərəfdaşdır. “Cari ilin 10 ayı ərzində Birləşmiş Ərəb Əmirliyindən Azərbaycana təxminən 100 min turistin gəlişini müşahidə  etdik”, – deyə səfir qeyd edib.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud  Məmmədquliyev bildirib ki, Azərbaycan və BƏƏ arasında əməkdaşlıq getdikcə möhkəmlənir: “Biz BMT, eləcə də digər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq  edirik. Birləşmiş Ərəb Əmirliyi hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.  M. Məmmədquliyev qeyd edib ki, Azərbaycan BƏƏ ilə həm iqtisadi, həm də ticarət sahələrində əməkdaşlığa xüsusi önəm verir: “2016-cı ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirliyi arasında ticarət dövriyyəsi 70 min dollar təşkil edib. İki ölkə arasında  ticarət  əlaqələrinin daha da inkişafı üçün Birləşmiş Ərəb Əmirliyinin Azərbaycanın nəqliyyat  dəhlizinin imkanlarından istifadəsini, Ələtdəki Azad İqtisadi Zonada Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin də iştirakını təklif edirik. Gələn ilin mart ayında “İttihad” Airways Bakı-Əbu Dabi marşrutu üzrə uçuşları həyata keçirəcək”.

Gununsesi.info