Bakıda Hindistan Azərbaycan Texniki İqtisadi Əməkdaşlıq günü qeyd olunub

  • By admin
  • 17 Dekabr 2017 08:45

Bakıda dekabrın 15-də Hindistan-Azərbaycan Texniki İqtisadi Əməkdaşlıq (İTEC ) günü qeyd olunub. Tədbirdə bu proqram çərçivəsində Hindistanda təlim kurslarında iştirak etmiş müxtəlif dövlət qurumlarının rəsmiləri, peşəkarlar və iş adamları iştirak edirdilər.

Hindistanın Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir ki, tədbirdə Hindistan səfiri Sanjay Rana çıxış edib. O bildirib ki, İTEC proqramı Hindistan Hökumətinin müxtəlif sahələrdə öz inkişaf təcrübəsini və biliyini Azərbaycan kimi tərəfdaş ölkələrlə bölüşməsi məqsədilə artıq 40 ildir ki, həyata keçirilir. İTEC proqramı çərçivəsində əməkdaşlığın üç mühüm tərkib hissəsi var ki, bunlar texniki yardımın çatdırılması, texnologiyanın ötürülməsi və təlim və biliklərin qazanılmasıdır. Təlim kursları Kənd təsərrüfatı, Qida Bankçılığı, Maliyyə, Mühasibat və Audit, Təhsil, İT, Mühəndislik və Texnologiya, İngilis dili, Ətraf Mühit və İqlim Dəyişkənliyi, İnsan Resurslarının İnkişafı və Planlaşdırılma, Suvarma və Su Resursları, Jurnalistika, İdarəetmə və Liderlik, Enerji, Bərpa olunan və Alternativ Enerji, Layihə İdarəetməsi, Keyfiyyətin İdarəolunması, Kiçik və orta sənaye müəssisələri və Sahibkarlıq, İnformasiya Texnologiyası və Telekommunikasiya və Şəhərsalma kimi sahələr daxil olmaqla və bu sahələrlə məhdudlaşmayan müxtəlif mövzuları əhatə edir.

Qeyd olunub ki, İTEC çərçivəsində təklif olunan kurslarda Hindistan Hökuməti Hindistanın ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir. Təqaüdə beynəlxalq səyahət, kurs xərcləri, yaşayış, kitablar və Hindistanda tibbi xərcləri və digər xərclər daxildir. Hal-hazırda, müxtəlif sahələrdə hər il 300-ə yaxın təlim kursları təşkil edən 50-dən artıq müəssisə mövcuddur və bu kurslarda iştirak etmək məqsədilə dünyanın 160 ölkəsindən Hindistana təxminən 10000 tələbə gəlir. Azərbaycandan olan iştirakçılar üçün İTEC proqramına hər il 20 yer ayrılır. 2004-cü ildən etibarən 100-dən çox Azərbaycanlı namizəd İTEC proqramı çərçivəsində Hindistanda müxtəlif kurslarda iştirak edib.

Səfir qeyd edib ki, Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətləri mövcuddur və ölkələr siyasi, ticarət və investisiya , təhsil və mədəni sahələr daxil olmaqla bir çox sahələrdə fəal əməkdaşlıq edirlər: “Bu yaxınlarda, Hindistanın xarici işlər üzrə dövlət naziri M.C. Akbar Azərbaycana səfər edib və Azərbaycanın prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüş və ticarət və investisiya, nəqliyyat, enerji, kimyəvi məhsullar və gübrə, kənd təsərrüfatı, elm və texnologiya, informasiya və kommunikasiya texnologiyası (ICT), səhiyyə və əczaçılıq, təhsil və mədəniyyət sahələri daxil olmaqla əməkdaşlığın müxtəlif sahələri müzakirə olunub. Hindistan və Azərbaycan bir-biri ilə güclü, fəal və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək niyyətinə sadiqdir”.

Gununsesi.info