Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi – RƏSMİ

  • By admin
  • 15 İyul 2020 17:25

Suraxanı rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Gununsesi.org-a daxil olan məlumatda deyilir: 

Xəbər verildiyi kimi, iyulun 2-i saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü M.Mustafayev iyulun 2-də tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən qətlə yetirilib. O, kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb.

Gununsesi.org