Bakıda “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaq

  • By admin
  • 21 Aprel 2017 20:26

uztanima kamera

Bu il Azərbaycanda keçiriləcək mühüm əhəmiyyətli beynəlxalq idman tədbirinə daxili işlər orqanlarından 12 min nəfər cəlb olunacaq.

Gununsesi.info-nun məlumatıma görə, bunu Daxili İşlər Nazirliyinin bu gün baş tutan geniş kollegiya iclasında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Oqtay Kərimov bildirib.

Qeyd olunur ki, onlardan da 252-si qadın əməkdaşlardır. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd X-RAY və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1.800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Yol hərəkətinin təhlükəsizliyi və yüksək  səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobildə təmin ediləcək.

Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində  tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublika üzrə “Təhlükəsiz şəhər” sisteminin 3.270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

Gununsesi.info