Vətəndaş Gülnarə Osmanlı məişət elektronikası mağazalar şəbəkəsi Baku Electronics-dən aldığı məhsulla bağlı problem yaşadığını və şirkətin məsələni həll etmədiyini iddia edir.
Gununsesi.info xəbər verir ki, şikayətçinin sözlərinə görə, o, ayın 9-da mağazadan 40 manata “orijinal” kimi təqdim olunan simsiz qulaqcıq alıb. Lakin məhsul cəmi iki gün sonra, ayın 11-də qəfil işləməyib və bir daha istifadə üçün yararlı olmayıb.
İstifadəçi bildirib ki, məhsulun dəyişdirilməsi və ya pulunun geri qaytarılması üçün etdiyi müraciətlər nəticəsiz qalıb.
Onun sözlərinə görə, mağaza əməkdaşları onu servis mərkəzinə yönləndiriblər.
Servisdə isə qulaqcığa baxılmadığını və səbəb kimi məhsula zəmanət sənədinin təqdim edilməməsini göstəriblər.
Şikayətçi iddia edir ki, məhsulu alarkən ona zəmanət sənədi verilməyib.
Onun sözlərinə görə, sonradan məsuliyyət alıcının üzərinə qoyulub və bildirilib ki, zəmanət sənədini özü tələb etməli idi.
Vətəndaş məsələni bununla yekunlaşdırmayacağını, hüquqlarının pozulduğunu düşündüyünü və bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edəcəyini bildirib.
Onun fikrincə, nasaz məhsulun satılması və sonradan satıcının məsuliyyətdən yayınması istehlakçı hüquqlarının pozulmasıdır.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyi məlum deyil.

Elmar












