Bayılın sonu necə olacaq -SÜRÜŞMƏ DAVAM EDİR

  • By admin
  • 21 May 2018 08:58

Bayıl qəsəbəsi, Buxta 9 küçəsində təhlükəli vəziyyət davam edir. Sürüşmə baş verən ərazidə kommunal xidmətlərin verilişi dayandırılıb.

Öncə məlumat üçün qeyd edək ki, mayın 15-də saat 20:00 radələrində Səbayel rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb.

GUNUNSESİ.İNFO bildirir ki, sakinlər “Yeni Müsavat”a hazırda ərazidə sürüşmə nəticəsində dağılan evlərin söküntü işləri aparıldığını deyib.  Həmin ərazidə isə bütün kommunal xətlər də kəsilib. Nəticədə yaxınlıqda yaşayan qonşular işıqsız, qazsız qalıblar. Sakinlərə Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu həftənin 3-cü günü onlara köçürülmə və ya hər hansı bir tədbirin görülməsi ilə bağlı konkret söz deyiləcək.

Buxta küçəsində baş verən sürüşmə, yaxınlıqda yerləşən 16 mərtəbəli binaya da təsir edib. Sakinlərin sözlərinə görə, artıq binanın divarlarında çatlar əmələ gəlib. Mütəxəsisslər isə qeyd edirlər ki, bu ərazidə hər zaman sürüşmə hadisəsi baş verə bilər. Çünki ərazi relyef baxımından yaşamaq üçün yararlı deyil. Üstəlik də evlər tikilən zaman yamacın kəsilməsi, torpaq qatının aşağıya doğru sürüşməsinə təsir edir.

Mütəxəssislər onu da qeyd edirlər ki, tikinti işləri aparılan zaman aktiv sürüşmə zonaları nəzərə alınmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin təbii səbəbləri – relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, suffoziya və sairdir. Eyni zamanda antropogen amillər – texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi amillərin Bayıl zonasına təsiri nəzərə alınmalıdır.