“Belə çıxır ki, Milli Məclisdə də xüsusi qapalı yer ayırmalıyıq…” - DEPUTAT

  • By admin
  • 14 Aprel 2017 16:54

 hikmet_babaoglu

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbuluna ciddi ehtiyac var”.

«Siqaret böyük, sosial bəladır, əslində siqaret çəkmək narkomaniyanın ilk mərhələsidir. Belə bir statistika qeyd edildi ki, müəyyən yaş həddində dünyada hər 4 kişidən biri siqaret istifadəçisidir. Azərbaycanda isə hər iki nəfərdən biri siqaret çəkir».

Gununsesi.info xəbər verir ki, bu fikirləri «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

H. Babaoğlu bildirib ki, Azərbaycanla bağlı bu statistika çox böyük rəqəmdir:

“Ona görə də düşünürəm ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbuluna ciddi ehtiyac var”.

Qanun layihəsində müəyyən dəqiqləşdirmələrin aparılmasına ehtiyac olduğunu deyən H. Babaoğlunun sözlərinə görə, qanunun 1-ci maddəsinin 1-ci bəndində tütün məmulatlarının adları əks olunsa da, burada sulu qəlyanın adı çəkilməyib:

«Sulu qəlyan da tütün məmulatlarından hazırlanan bir vasitədir. Digər məmulatlarda təsvir olunan bənzərlikləri onda da tapmaq lazımdır. Belə olan halda, burada ziddiyət yaranır və bunu aradan qaldırmaq lazımdır. Sulu qəlyanın da qadağan edilməsi yaxşı olardı».

Millət vəkili çıxışı zamanı tütün məmulatlarının istehlakı üçün xüsusi yerlərin ayrılması məsələsinə də toxunub:

«Bu məsələyə qanun layihəsində iki dəfə toxunulur. Belə ki, maddə 1-in 9-cu bəndində qeyd olunur ki, hüquqi təşkilatın formasından asılı olmayaraq bütün idarə və müəssislərə yerlərin ayrılması tövsiyə olunur.

Maddə 10-un 2-ci bəndində isə bu məsələdə bir məcburiyyət ifadə olunur. Belə çıxır ki, Milli Məclisdə də xüsusi qapalı yer ayırmalıyıq və onu güclü havatəmizləyici qurğularla təmin etməliyik. Yəni bunun üçün vəsait ayırmalyıq ki, kimsə burda siqaret çəksin. Amma bunlar əlavə xərcdir. Hesab edirəm ki, xüsusi qapalı yerlər qanundan çıxarılsa yaxşıdır. Çünki digər ölkələrdə siqaret çəkmək üçün qapalı yerlər ləğv edirlər».

Qanun layihəsində bir sıra ifadələrin redaktəyə ehtiyacı olduğunu deyən H. Babaoğlu bildirib ki, maddə 6-da «tütündən qorunmaq sahəsində vətəndaşların hüquqları»ndan bəhs olunur. Amma bu ifadə «tütün məmulatlarından» adlandırılmalıdır. Çünki ölkəmizdə tütünçülük inkişaf edir və tütün əkib-becərmək ziyansızdır. Tütün məmulatlarının anti-reklamında kütləvi informasiya vasitələrinin rolunun böyük olduğunu deyən millət vəkili qeyd edib ki, qanun layihəsində bu məsələyə də yer verilib:

«Amma bu vəzifə qanunla elektron mediaya şamil edilir. Çap mediası da bu işi görə bilər. Qanunda Səhiyyə Nazirliyinin və digər qurumların anti-reklamlar hazırlamaqla bağlı adları çəkilir. Bu işi çap mediasında reallaşdırmaq olar. Bu məqsədlə belə reklamların hansı qəzetlərdə nəşri ilə bağlı kriteriyalar müəyyənləşdirilməli və ayda bir dəfə müəyyən ölçüdə anti-reklam yerləşdirilə bilər. Bu prosesə könüllü qeyri-hökumət təşkilatları, biznes qurumları qoşula bilər və çap mediasında da ödənişli sosial reklam çərçivəsində bu proses həyata keçirilsin. Çünki mətbuatın mühüm bir funksiyası cəmiyyəti maarifləndirməkdən ibarətdir».

KAMİL

Gununsesi.info