Bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni fərdi yaşayış evləri verildi - FOTOLAR

  • By admin
  • 26 Dekabr 2017 18:00

Ağdam və Ağcabədi rayonlarında bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni fərdi yaşayış evləri verildi.

Bu barədə Gununsesi.info-ya Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat katibi Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı tədbirləri Ağdam və Ağcabədi rayonlarında davam etdirilib: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər iki rayonda inşa etdirilmiş 9 ədəd fərdi yaşayış evi (Ağdam rayonunda 4, Ağcabədi rayonunda 5 ədəd) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, cari ildə də ölkəmizdə bütün sosial proqramların uğurlu icrası təmin olunub”.

O əlavə edib ki, 2014-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdam və Ağcabədi  rayonunda 40 ədədə yaxın fərdi yaşayış evini, habelə Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verib.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.

Tədbirlərdə yeni fərdi yaşayış evlərinin təqdim edildiyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri sosial müdafiə sisteminin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər.

Mürtəza

Gununsesi.info