Bir tona yaxın kartofda güvə tapıldı - SAMUXDA

  • By admin
  • 09 Sentyabr 2016 15:36

kartof

Kənd Təssərüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab olunan kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kq kartof məhsulu aşkar edib.

Nazirlikdən Gununsesi.info-ya daxil olan məlumata görə, kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tətbirləri sisteminə riayət etməklə məhv edilib.

“Kartof güvəsi kartof, badımcan, pomidor, bibər, tütün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilir. Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır”, – deyə DFNX-dən bildirilib.

Xidmət qeyd edir ki, güvə ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Tırtıllar tərəfindən zədələnmiş tütün yarpaqları siqaret hazırlanması üçün yaramır. Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80% məhsul itkisinə səbəb olur. Güvənin səciyyəvi zədələrinə diqqət yetirməklə onu aşkar etmək olur. Belə ki, zədələnmiş kartof gözlərinin üzərində ifrazat (ekskrement) olur, gövdə və yarpaqlarda lağımlar atan tıttıllar şəffaf epidermisdən görünürlər, damarlar boyunca formalaşdırdıqları lağımları ekskrementləri ilə doldururlar, kartof yumrularının daxilində, pomidor və badımcanın lətində, qabıq altında dar yollar açır və bu yollarda tırtılın ekskrementi olur. Kartof yumrularına gözcük və ya yaralardan daxil olub, əvvəlcə qabıq altında, sonra isə daxilə doğru yollar açırlar. Məftil qurdlarından fərqlı olaraq, yumrudakı tırtıl yolları ekskrement və torla doldurulmuş olur, zədədən yuxarı gövdə və təpə hissələri soluxur və ya quruyur, yarpaq və gövdələr torla hörülmüş olur, yollar açılmış zədəli yumrularda yaş və quru çürümələr əmələ gəlir.

Anar

Gununsesi.info