BMT-nin Baş katibi dünyaya çağırış etdi: Bütün hökumətləri… dəymiş ziyanın ödənilməsini…

  • By admin
  • 06 Aprel 2020 11:22

BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və COVID-19-la bağlı bəyanat verib.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bəyanatda deyilir:

“COVID-19 pandemiyası dünyada insanlara ağlasığmaz əziyyət verir və iqtisadiyyatın çöküşünə səbəb olur.

Bu yaxınlarda mən bütöv mübarizəmizi pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal barışın dərhal bərqərar olmasına çağırmışdım.

Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim.
Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır.

Təhlükə bir çox qadın və qızları onlar üçün ən güvənli sayılan yerdə gözləyir.
Öz evlərində.

Ona görə də mən bu gün dünyadakı hər bir evdə barış üçün yeni bir çağırışla müraciət edirəm.

COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin önəmli olduğunu bilirik. Ancaq nəticədə, qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər.
Son həftələr boyunca iqtisadi və sosial basqılar, habelə xof artdıqca, qlobal ölçüdə məişət zorakılığının artmasını görməkdəyik.

Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb.

Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri artıqlaması ilə artıq yüklənir və işçi heyəti yetməzliyi ilə üzləşir.

 Yerli dəstək qrupları iflic durumdadır və ya vəsait yetməzliyi ilə üzləşir. Məişət zorakılığı qurbanları üçün çalışan bəzi sığınacaqlar qapalıdır, digərləri doludur.
Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVİD-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram.

Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan yatırımın artırılması deməkdir.

Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsi gerçəlkləşdirilməlidir.

Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemlərinin yaradılmalıdır.

Sığınacaqlar həyati önəm kəsb edən xidmət kimi elan edilməlidir.
Qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır.

Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün əsas önəm kəsb edir.

COVİD-19-u yenmək çalışdığımız zaman savaş bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq”.

Gununsesi.org