Son 8 ay ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində paytaxtda müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən 1356 nəfər sürücü xüsusi təlim keçib.
Gununsesi.info -nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Qurum sözçüsü bildirib ki, təlimləri uğurla başa vuran sürücülər sertifikat alıblar: “Həmin sürücülərin adları peşəkar sürücü bazasına daxil edilib. Ümumilikdə isə, daşıyıcılar tərəfindən bizə verilən məlumata görə, paytaxtda marşrut avtobuslarında 3060 nəfərə yaxın sürücü var. Həmin sürücülərin hər biri xüsusi təlimlərdən keçəcəklər”.
M. Ağayev bildirib ki, təlimlərdən keçə bilməyən sürücülər yenidən təlimlərdən keçmək üçün müraciət edə bilər: “Bu gün paytaxt marşrutlarında mövcud olan bir neçə problemdən biri də peşəkar sürücü çatışmazlığıdır. Bu gün həqiqətən də peşəkar sürücülərə ehtiyac var”.













