BP-nin hazırki və gələcək rəhbərləri Azərbaycanda səfərdədir

  • By admin
  • 11 Dekabr 2019 13:33

BP qrupunun baş icraçı direktoru Bob Dadli və onu gələn il bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər.

Gununsesi.org–un “Report”a istinadən məlumatına görə, Azərbaycana səfər proqramı çərçivəsində B. Luni ölkə başçısı İlham Əliyevə təqdim olunub. Həmin görüşdə B.Luni İlham Əliyevə BP-nin bu regionda əməliyyatçısı olduğu layihələrdə işlərin hazırki vəziyyəti və planları barədə məlumat verib, Azərbaycanın ən iri neft və qaz hasilatı, nəqli və kəşfiyyatı layihələrinin əməliyyatçısı kimi BP-nin davamlı fəaliyyəti haqqında danışıb. O, həmçinin Azərbaycanla və Xəzər regionu ilə əməkdaşlığın daha da güclənməsi və genişlənməsi yönümündə BP-nin uzunmüddətli öhdəliyini bir daha vurğulayıb.

Səfər çərçivəsində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər də keçirilib.

Hazırda BP qrupunun Apstrim bölümünə rəhbərlik edən Bernard Luni, Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində 2020-ci il 5 fevral tarixindən başlayaraq əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.

Bob Dadli doqquz ildən çox baş icraçı direKtor olmaqla BP-də 40 ildir ki, işləyir. O, 2020-ci il 4 fevral tarixində BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək və 31 mart tarixindən isə təqaüdə çıxacaq.

Gununsesi.org