“Bu, bizim uğurumuzdur” - millət vəkillərindən sammit açıqlaması

  • By admin
  • 08 İyul 2016 15:44

kamila

 

“Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Varşavada keçirilən sammitində iştirakı Azərbaycan xarici diplomatiyasının, Azərbaycan Prezidentinin apardığı siyasətin çox gözəçarpan uğurudur”.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, NATO-nun hər bir sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunub: “Əminəm ki, bu sammitdə də bu istiqamətdə müzakirələr Azərbaycanın maraqları çərçivəsində təşkil ediləcək”.

Komitə sədri bildirib ki, NATO faktiki beynəlxalq təşkilatlar içərisində öz nüfuzu, öz təsiri ilə güclü bir təşkilatdır: “Məhz burada Azərbaycanın ərazi bütövlüyünün dəfələrlə təsdiqlənməsi ona dəlalət edir ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi dəstəklənir və yüksək səviyyədə müdafiə olunur. Əminəm ki, Azərbaycan Prezidentinin Varşavada NATO sammitində iştirakı Azərbaycanın mövqeyini daha da yüksək zirvələrə qaldıracaq. Biz bütün təşkilatlar ilə əməkdaşlıq edərək Azərbaycan maraqlarını uca saxlamışıq. Bu məhz Azərbaycan Prezidenti İlham Əliyevin prinsipidir və həmin prinsip çərçivəsində də Azərbaycanın mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırılacaq”.

S.Seyidov əlavə edib ki, Azərbaycan xarici diplomatiyası son dövrlərdə xeyli uğur qazanıb: “Buna misal olaraq Avropa Şurasında bu yaxınlarda Azərbaycanla bağlı keçirilmiş müsbət müzakirələri, Avropa Parlamentində ratifikasiya olunmuş Azərbaycan Avropa Birliyi arasında əməkdaşlıq sazişini göstərmək olar”.

Millət vəkili Kamilə Əliyeva da Gununsesi.info-ya açıqlamasında Azərbaycan prezidentinin NATO-nun Varşava sammitinə qatılmasını, sammitin gedişində və ərəfəsində ikitərəfli görüşlər keçirməsini çox müsbət və önəmli addım kimi qiymətləndirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan, ölkə rəhbərliyi, xüsusilə, dövlət başçısı hər bir mötəbər tribunadan Azərbaycan reallıqlarının, 28 ildən bəri davam edən və ədalətli həllinin gözləyən Qarabağ həqiqətlərinin olduğu kimi , beynəlxalq aləmə, dünya birliyinə çatdırılması üçün istifadə etməyə çalışır.

“Çox sevindirici haldır ki, bu yöndə aparılan səbrli və uzaqgörən siyasət də artıq öz müsbət nəticəsini verir və verməkdədir. Artıq dünya ictimaiyyəti, beynəlxalq birlik, o cümlədən, NATO da daxil olmaqla,əksər nüfuzlu siyasi-hərbi qurumlar əsl həqiqətin kimin tərəfində, kimin işğalçı olduğunu, kimin işğala məruz qaldığını başa düşür, dərk və etiraf edirlər. Bu, bizim böyük uğurumuzdur. Təbii ki, bu uğurun da başlıca müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir. Ona görə hesab edirəm ki, ölkə başçısının NATO-nun Varşava sammitinə qatılması çox əhəmiyyətli hadisədir və bunun da müsbət nəticələri yaxın zamanlarda özünü göstərmiş olacaq. Buna kimsənin də şübhəsi olmasın”-deyə, K. Əliyeva daha sonra sözlərinə əlavə edib.

 

semed

Gununsesi.info