“Bu, Ermənistanın terrorçu siyasətinin daha bir bariz nümunəsidir” – Siyavuş Novruzov

  • By admin
  • 04 İyun 2021 16:30

“Təəssüf və kədər hissi ilə bildirirəm ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində media nümayəndələrimiz – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olublar. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi”. 

Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

“Eyni zamanda, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının rəhbərliyinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə şəfa diləyirəm.

Şübhəsiz ki, bu faciəvi hadisə erməni vandalizminin və Ermənistanın terrorçu siyasətinin daha bir bariz nümunəsidir. Reallıq budur ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə dünyanın gözü qarşısında müharibə cinayətlərini davam etdirir”,-S.Novruzaov əlavə edib.

Gununsesi.info