Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Ətraf mühitin mühafizəsi Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olaraq daim diqqətdə saxlanılan məsələdir və bu, olduqca əhəmiyyətli istiqamət Azərbaycanda bütün sahələrdə ekoloji problemlərin həllinə, dayanıqlı inkişafa şərait yaradır.
Gununsesi.info xəbər verir ki, Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə açıqlamasında bildirib ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün-İDEA-nın təsisçisi Leyla Əliyevanın da bu sahədə xidmətləri, önəmli təşəbbüsləri qeyd olunmalıdır.
“Ötən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif strateji proqramlar çərçivəsində fəaliyyətin təşkili və ətraf mühitin çirklənməsinin qarşısının alıması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb və strateji hədəflərə çatmaq üçün bu işlər davam etdirilir.
Su ehtiyatlarının idarəolunmasının təkmilləşdirilməsi, tullantıların idarəolunması, biomüxtəlifliyin mühafizəsi, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən avtonəqliyyat vasitələrindən atılan tullantıların azaldılması ilə bağlı addımlar atılır. Hazırda işğaldan azad olunmuş ərazilərə xüsusi diqqət ayırılır. Meşə və yaşıllıq ərazilərinin artırılması, ekoloji monitorinq və hidrometeoroloji müşahidə sisteminin bərpası və müasirləşdirilməsi istiqamətində çalışmalar aparılır.
Həmçinin, biomüxtəlifliyə dəymiş ziyanın aradan qaldırılması və onun dirçəldilməsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası, flora və fauna növlərinin dayanıqlı inkişafının təmin olunması proqramı çərçivəsində reintroduksiya layihələrinin həyata keçirilməsi davam edir. Düşünürəm ki, bu sahənin prioritet seçilməsi yaxın zamanda işğaldan azad olunmuş ərazilərdə ekoloji bərpa prosesinin gözəçarpan olacağına gətirib çıxaracaq”.