
“Neft-qaz sahəsi təkcə ölkəyə ən böyük valyuta gətirən sektor deyil, həm də ölkədən ən böyük valyuta aparan sektorlardan biridir”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
R.Ağayev qeyd edir ki, 2017-ci ilin 9 ayı üzrə tədiyə balansının göstəricilərinə görə, Azərbaycana 24.1 milyard USD valyuta daxil olub: “Həmin vəsaitlərdən 16.1 milyard dollar neft-qaz sektoru ilə bağlı olub. Daha dəqiqi, 9.7 milyard dollar neft-qaz məhsullarının satışından, 177.7 milyon dollar neft-qaz məhsullarının tranzitindən, 3.8 milyard dollar neft-qaz sektoruna qoyulan birbaşa investisiyalardan, 942 milyon USD neft-qaz sektoruna qoyulan portfel investisiyalardan, 1.2 milyard dollar neft-qaz sektoru üçün alınan kreditlərdən daxil olub”.
Ümumilikdə ölkəyə daxil olan valyuta kütləsinin 67%-i neft-qaz sektoruna aiddir.
R.Ağayev bildirir ki, həmin dövrdə ölkədən 21.9 milyard dollar valyuta kütləsi çıxıb və bunun da təxminən 8.9 milyard dolları və ya 40.5%-i neft-qaz sektorunun ehtiyacları ilə bağlıdır: “Belə ki, 976 milyon dollar sektor üçün zəruri malların, 2.6 milyard dollar xidmətlərin idxalına yönəldilib. Əlavə olaraq, 1.6 milyard dollar xaricilər üçün ödənilən mənfəət və əmək haqqı gəlirlərinin, 2.1 milyard dollar xaricilərin əvvəlki illərdə sektora qoyduğu birbaşa sərmayələrin geri qaytarılaraq ölkədən çıxarılması ilə bağlı olub. Təxminən 1.6 milyard dollar isə yerli şirkətlərin (yəqin ki, SOCAR-ın) xaricdəki layihələrinə xərclənən birbaşa sərmayələrə gedib”.
Vüsalə
Gununsesi.info










