Bu ölkədə koronavirusa qarşı məcburi peyvənd qanunu qüvvəyə minib

  • By admin
  • 04 Fevral 2022 16:12

Avropa İttifaqının ilk ölkəsi olaraq Avstriyada koronavirusa qarşı məcburi peyvənd haqqında qanun qüvvəyə minib.

Gununsesi.info xəbər verir ki, ölkə parlamentində qəbul olunan qanuna Federal Məclis tərəfindən də “yaşıl işıq“ yandırılıb. Bununla da ölkə üzrə yaşı 18-dən yuxarı olan bütün şəxslər (hamilələr, xəstəlikdən sağalanlar və peyvəndə qarşı əks-təsir sertifikatı olanlar istisnadır) icbari şəkildə peyvənd olunacaqlar.

Səhiyyə Nazirliyindən bildirilib ki, qanunun tətbiqi üç mərhələdən ibarət olacaq. İlk mərhələ mart ayının 15-dək qüvvədə olacaq və həmin dövr könüllü şəkildə peyvənd üçün nəzərdə tutulur, indiyədək peyvənd olunmayanlar bu vaxt pəncərəsindən istifadə edə biləcəklər. Martın 16-dan sonrakı mərhələdə isə polis tərəfindən həyata keçirilən yoxlamalardan peyvənd olunmayan şəxslərə xəbərdarlıq və ya inzibati cərimə tətbiq ediləcək, məktubla peyvənd üçün vaxt təyin ediləcək. İkinci mərhələ dövründə hər bir şəxsə il ərzində 3600 avroyadək dörd dəfəyədək inzibati cəza tətbiq oluna bilər. Başlama müddəti hələ elan edilməyən üçüncü mərhələdə isə avtomatlaşdırılmış qaydada (yaşayış qeydiyyatı, sığorta kartı və digər mənbələr) peyvənd olunmayan şəxslər müəyyən ediləcək.

Səhiyyə naziri Volfqanq Mükştayn parlamentdə aparılan debatlarda qanunun bütün sərtliyi ilə tətbiq olunmayacağına və əhalinin peyvəndin vacibliyini anlayaraq könüllü şəkildə vaksinasiyada iştirakına ümidvar olduğunu bildirib.

 

 

Gununsesi.info