Bu yollar piyadaları ölümə aparır - REPORTAJ+VİDEO

  • By admin
  • 07 Avqust 2017 10:06

1501915861_20170803_101910

Bakıda təxminən hər gün piyadaların vurulması ilə bağlı xəbərlərə rast gəlirik. Bu cür halların baş verməsində ya piyadalar məsuliyyətsiz davranır, ya da həmin ərazilərdə piyada keçidləri yoxdur.  Bu cür hadisələr isə adətən ikinci səbəbdən baş tutur. Belə ərazilərdən biri də Mərdəkan yolu istiqamətindən Qala kəndinə dönən yoldur. 

20170803_101807

Gununsesi.info-nun primetime.az-a istinadən xəbər verir ki, ərazidə yolun hər iki tərəfində avtobus dayanacağının olmasına baxmayaraq, piyada keçidləri mövcud deyil. Sözügedən yol magistral olduğu üçün 100-120 km/saat sürət həddi təyin olunub. Bu sürətlə hərəkət edən avtomobillərin arasından “sehrli yolla” digər dayanacağa keçmək piyadalar üçün həm məsuliyyət tələb edir, həm də qoçaqlıq… Ərazidə fəaliyyət göstərən taksi sürücüləri ilə həmsöhbət olduq. Adlarının çəkilməsini istəməyən sürücülər deyirlər ki, dəfələrlə piyadaların maşın vurmasının şahidi olublar: “Çox vaxt qəzalar gecə baş verib. Sakinləri də qınamalı deyil. İşdən yorğun gəlib evlərinə getmək istəyirlər. Yolu keçmək istəyəndə bu cür xoşagəlməz hadisələr baş verir. Dəfələrlə şahidi olmuşuq. Qəza hadisələrindən sonra televiziyalar gəlib çəkiliş də edib. İndiyə kimi müvafiq qurumlar heç bir tədbir görməyib. Ölən adama heyif olur”.

20170803_101935

Məsələ ilə bağlı “Azəravtoyol ASC” ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, hazırda 40-a yaxın piyada keçidlərinin inşası planlaşdırılır: “Ümumiyyətlə, Bakı şəhərində bir çox ərazilər var ki, orada yerüstü piyada keçidlərin inşasına ehtiyyac var. 2016-cı ildən etibarən bu istiqamətdə işlərə başlanılıb. Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına harada keçidlər üçün zərurət yaranırsa, məlumat və təkliflər veririk. Bakı şəhərində 40-dan artıq keçidin inşasına ehtiyac var və bu istiqamətdə işlərə başlanılıb. Bu günə qədər şəhərin müxtəlif yerlərində 20-yə yaxın piyada keçidi inşa olunub. Həmin istiqamət üzrə də təkliflərimizi göndərmişik. Yaxın müddət ərzində bu cür problemlər aradan qalxacaq. Yenə qeyd edim ki, problemlərin həlli istiqamətində işlər aparılır”. Elə biz özümüz də həmin yoldan keçmək istəyən piyadaları, yol vermək istəməyən sürücüləri, qəza vəziyyəti yaratmış avtomobilləri çox görmüşük. Gecə-gündüz fərq etməz. Nə zaman yolumuz oradan keçsə, eyni kadrların şahidi oluruq. Kadr demişkən, sözügedən ərazidən çəkdiyimiz görüntüləri təqdim etmək bizdən, izləmək sizdən, nəticə çıxarmaq da müvafiq qurumlardan…

20170803_102024

1501916023_20170803_101722

Gununsesi.info