
Məlum olduğu kimi, Azərbaycan Açıq Büdcə İndeksi 2017 üzrə 100 mümkün baldan 34-nü toplayaraq 115 ölkə arasında 78-ci sıraya geriləyib. Azərbaycanın topladığı 34 bal 2015-ci ildəki nəticəsindən əhəmiyyətli dərəcədə aşağıdır. Azərbaycanın nəticələri niyə aşağı düşüb?
Iqtisadi təhlilçi Kənan Aslanlı “Gununsesi.info”ya bildirir ki, İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük büdcə icrası hesabatları, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür: “Azərbaycanın yerləşdiyi sıra o deməkdir ki, bizim ölkə cəmiyyətə minimal büdcə məlumatı verən ölkələr səbətindədir. Qonşu ölkələrdən Gürcüstan (82/100) daha şəffaf büdcəsi olan 5 ölkədən biri seçilib. Türkiyə və Qazaxıstanın mövqelərində irəliləyiş, Rusiyada isə geriləmə var.
Diaqramda Azərbaycanın illər üzrə Açıq Büdcə İndeksini görmək mümkündür.
Göründüyü kimi, 2015-ci ildən bəri Azərbaycanda cəmiyyətə verilən büdcə məlumatlarının səviyyəsi azalıb.
K.Aslanlı Açıq Büdcə İndeksinin ötən il üzrə nəticələrinə əsasən əlavə edir ki, Azərbaycanda 8 əsas büdcə sənədindən ikisini -büdcəöncəsi bəyanat, yarımillik büdcə icmalı, ümimiyyətlə açıqlanmır, digər vətəndaş büdcəsini gec yayımlanır: “Aylıq və ya rüblük büdcə icrası hesabatlarında, hökumətin büdcə layihəsində də məzmun zənginləşməli və verilən məlumatların miqyası artmalıdır.Bütün bunlarla yanaşı, Azərbaycan büdcəöncəsi bəyanatı və yarımillik büdcə icmalını ictimaiyyətə açıqlamalıdır. İllik əsasda nəşr edilən Audit Hesabatının məlumatlılıq məzmunu gücləndirilməlidir. Dövlət büdcəsinin şəffaflığı baxımından mövcud situasiyanın təkmilləşməyə ehtiyacı vardır.
Düzdür, 2014-2018-ci illərdə Azərbaycan hökuməti “Vətəndaşın Büdcə Bələdçisi” sənədini Maliyyə Nazirliyinin saytında yerləşdirilib, hökumətin büdcə layihəsində nəzərdə tutulan bəzi məlumatların miqyası artırılıb, amma bu ölkənin indeksinin yaxşılaşdırılması üçün yetərli deyil. Çünki biri tərəfdən də yarımillik büdcə icmalının açıqlanmasının dayandırılması və təqdim olunan məlumatların keyfiyyətinin də aşağı düşməsi müşahidə olunur.
“Vətəndaşın Büdcə Bələdçisi” Azərbaycanın illik büdcəsinin asan və anlaşıla bilən bir icmaldır. Müvafiq ildə ediləcək xərcləmələri və bu xərclərin maliyyə mənbələri ilə bağlı təməl bilgiləri ehtiva edir və bunları sistemli şəkildə ictimaiyyətə çatdırır. Digər tərəfdən, icra ediləcək siyasətlərin sadə dildə cəmiyyətə açıqlanması, maliyyə ehtiyatlarının idarə edilməsinin təməl prinsiplərindən olan şəffaflıq və hesabatlılığın təmin edilməsi baxımından böyük önəm daşımaqdadır.
Açıq Büdcə İndeksinin metodoloji şərhlərinə əsasən, hökumətlərin nəşr etməli və yaymalı olduqları “Vətəndaş Büdcəsi” büdcə ili ərzində baş verəcək fəaliyyətlər və planlarla bağlı vətəndaşların məlumatını artırmaq və düzgün qavrayışını təmin etmək məqsədilə büdcə sənədinin qeyri-texniki dil və əlçatan formatda hazırlanan sadələşdirilmiş versiyası olmalıdır”.
İqtisadçı deyir ki, ölkəmizdə büdcə üzərində kənar nəzarət büdcə şəffaflığı və ictimai iştirakçılıq komponentlərinə nisbətən indeksdə yüksək qiymətləndirilib–100-dən 63 bal. İndeksin Azərbaycan üzrə ölkə hesabatında ali audit qurumu olan Hesablama Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində müəyyən təsir imkanlarına malik olduğu da vurğulanıb. Hesabata əsasən, ümumi mövqeyi güclənməli olan Milli Məclis xüsusilə maliyyə ilinin ortasında büdcəyə nəzarət tədbirlərini gücləndirməli və yeni hesabatlar açıqlamalıdır.
İctimai iştirakçılıq komponenti üzrə isə Azərbaycanın 100-dən cəmi 11 bal almağı göstərir. K.Aslanlı deyir ki, büdcə prosesində ictimaiyyətin iştirakı yox səviyyəsindədir: “Açıq Büdcə İndeksinin tələblərinə görə, büdcə layihəsi hazırlananda və parlamentdə müzakirə olunanda ictimai iştirakçılıq təmin edilməlidir. Eləcə də dövlət və qeyri-hökumət təşkilatlarının iştiraki ilə qanunverici orqanda illik büdcənin formalaşdırılması və nəzarətlə bağlı ictimai dinləmələr keçirilməli, ictimaiyyətin müvafiq audit yoxlamalarında iştirak etməsi üçün formal mexanizmlər də yaradılmalıdır”.
Vüsalə
Gununsesi.info









