“Bundan sonra çevriliş mümkün olmayacaq” - ƏDLİYYƏ NAZİRİ

  • By admin
  • 12 İyul 2017 12:32

c9c5f4b2-f012-4a73-8c8c-2a6c434c5e28

Bu gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup azərbaycanlı və xarici jurnalistlərlə görüşüb. 

Gununsesi.info-nun məlumatına görə, B. Bozdağ deyib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin təlimatı ilə keçən il iyulun 15-də hərbi çevriliş cəhdi olub: “Bu hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı 249 insanımız şəhid olub, 2200 nəfər isə yaralanıb.

Türkiyə Prezident Sarayı, Türkiyə Böyük Millət Məclisi atəşə tutulub, yüzlərlə dinc insanı öldürdülər. Türkiyə parlamenti yaranandan sonra ilk dəfə olaraq bombalanıb. Mən parlamentdə çıxış edərkən parlament binasına iki dəfə bomba atıldı. Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə demokratiyaya, cümhuriyyətə sahib çıxıb. Türkiyə prezidentinin xalqı meydanlara səsləməsindən sonra proseslərin istiqaməti dəyişib”.

Türkiyənin ədliyyə naziri bildirib ki, bu gün R. T. Ərdoğanı diktator adlandıraraq bəzi beynəlxalq media orqanları onu gözdən salmağa çalışırlar: “Dünyada xalqın əmanətinə sahib çıxmaq üçün hərbi çevriliş etmək istəyənlərə meydan oxuyan ikinci lider varmı? Yoxdur. ABŞ, Avropa da daxil olmaqla, həmişə demokratiyadan bəhs edənlər yalnız hərbi çevrilişin qarşısı alındıqdan sonra mövqe ortaya qoyuldu. Biz bundan çox təəssüfləndik. Hərbi çevriliş cəhdinin nəticəsi məlum olmayan məqamda ABŞ açıqlama verir ki, Türkiyədə sabitliyin tərəfdarıyıq. ABŞ Türkiyədə seçilmiş hakimiyyəti dəstəklədiyini, hakimiyyətin yalnız seçki yolu ilə dəyişdirilə biləcəyini bəyan edə bilmir. Bir neçə ölkənin dəstəyi istisna ilə, Türkiyə bu məsələdə yalnız qoyuldu. Hərbi çevriliş cəhdinin uğursuz olmasının səbəbi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın qorxub qaçmaması, ölümü gözünə alaraq xalqın mübarizəsinə rəhbərlik etməsidir. Ən əsası isə xalqımız siyasi mənsubiyyətindən asılı olmayaraq, meydanlara axışdı, tankların qarşısına silahsız çıxdı. Dünyada demokratiyaya Türkiyə xalqı kimi sahib çıxan ikinci xalq varmı? Hər kəs əlini vicdanına qoyub, cavab versin. Beynəlxalq hüquq təşkilatları hərbi çevriliş zamanı şəhidləri, yaralananları, həyatını təhlükəyə qoyan Türkiyə prezidentini soruşmadı, xalqı bombalayanlarla necə davranıldığı barədə narahatlıqlarını bildirdilər”.

B.Bozdağ qeyd edib ki, 15 iyulda dosta və düşmənə Türkiyədə çevriliş cəhdinin mümkün olmadığı nümayiş etdirilib: “Bir neçə rəhbər şəxsi ələ keçirməklə, Türkiyədə çevrilişin mümkün olmadığı ortaya çıxdı. Artıq çevriliş etmək istəyənlər gərək Türkiyə xalqının hər bir nümayəndəsini ələ alsın. Bundan sonra çevriliş mümkün olmayacaq. Mən Türkiyə mediasına da təşəkkür edirəm. Eyni zamanda Türkiyənin sabiq prezidenti Turqut Özalı minnətlə anıram. Çünki məhz Turqut Özəl müqavimətlərə baxmayaraq, ölkədə özəl televiziya və radio kanallarının yaradılmasının önünü açıb. Keçən il 15 iyulda özəl KİV-lər olmasaydı, bəlkə də hərbi çevriliş cəhdinin nəticəsi fərqli olardı. Orduda hərbi çevriliş cəhdinə qarşı çıxanların da rolunu xüsusi qeyd etmək istəyirəm”.

Türkiyənin ədliyyə naziri saxlanılan və həbsdə olan şəxslərə qarşı işgəncələr verildiyi barədə bəzi beynəlxalq təşkilatların iddialarının əsassız olduğunu vurğulayıb: “Həmin beynəlxalq təşkilatların nümayəndələrini dəvət etdik, nə bu işgəncə iddialarını söyləyənlərin, nə də işgəncələrə məruz qalanların birinin adını çəkmədilər. Dedilər ki, gizli çalışırıq. Dedik ki, yaxşı, Türkiyədə hansı həbsxanada, kimə işgəncə verilibsə, bir ad çəkin, gedib araşdıraq. Yenə də işgəncəyə məruz qaldığı iddia edilən bir nəfərin adı açıqlanmadı. Biz beynəlxalq təşkilatların hər birinin bu sahədə araşdırma aparmasına dəstək verməyə hazırıq. Biz bu yöndə ədalətsizliklə üz-üzəyik”.

B.Bozdağ FETÖ-nün təlimatı ilə hərbi çevriliş cəhdində saxlanılan və bu gün mühakimə edilən şəxslərin cinayətlərini inkar etdiklərini nəzərə çatdırıb: “Tankla insanlara atəş açır, üzərindən keçir, xalq tərəfindən o tankdan çıxarılır, bu gün məhkəmədə deyir ki, tankdakı o deyil. Yaxud Silahlı Qüvvələrin Baş Qərargahın insanlara atəş açdığını inkar edir, görüntü məhkəmədə təqdim edilir, deyir ki, əlindəki telefondur, silah deyil. Niyə belə edirlər? FETÖ liderinin təlimatı ilə belə edirlər, çünki FETÖ lideri hərbi çevriliş cəhdinin uğursuzluğundan sonra bunun nəzarətdə olan hərbi çevriliş cəhdi olduğunu bəyan edib. Bu gün müxtəlif düşüncə mərkəzlərinə pulla saxta hesabatlar hazırlatdırır, sonra da bunu dünya ölkələrinin parlamentlərinə göndərirlər. Yalanları daha asan qəbul edirlər, ancaq biz həqiqəti çatdırmaqda çətinliklə üzləşirik. Mən parlamentdə olarkən binaya bomba atıldı. Mən bunu dünyaya çatdırmaqda çətinlik çəkirəm, bombanı atan alçaq bomba atmadığını iddia edir. Bəzi ölkələrin kəşfiyyatları da bu yalan kampaniyasının təşkilində iştirak edir. Ona görə də biz hər kəsdən ədalətli olmasını istəyirik”.

Gununsesi.info