“Bura Sosial Müdafiə Mərkəzi deyil” - AzTV İŞDƏN ÇIXARILAN ƏMƏKDAŞIN İDDİALARINA CAVAB VERDİ

  • By admin
  • 20 Fevral 2020 21:56

Azərbaycan Dövlət Televiziyası sosial şəbəkələrdə adıçəkilən şirkətin rəhbərliyini tənqid edən Mətanət Əsgərqızının iddialarına cavab verib.

Gununsesiaz.info həmin açıqlamanı təqdim edir :

“Bu gün AzTV QSC-nin keçmiş əməkdaşı Mətanət Əsgərqızının videomüraciəti yayılıb. Həmin müraciətə cavab olaraq bildiririk ki, M. Əsgərqızı ay yarım bundan əvvəl kadrlara çağırılıb və ona əvvəlcədən “müqavilə bitdikdən sonra sizinlə müqavilə uzadılmayacaq” sözləri deyilib. Bir sözlə, əmək qanunvericiliyinə uyğun olaraq ona əvvəlcədən xəbərdarlıq edilib və əməkdaşlıq müqaviləsinə xitam verilib. Səbəb həmin insanın özünün də dediyi kimi, uzun müddət hərbi redaksiyada çalışmağına baxmayaraq nə redaktor, nə də müxbir kimi işə yararlı olmaması, daxildə işdən daha çox intriqa, qarşıdurma və əsassız narazılıqlar yaratmasıdır.

Digər redaksiyalara keçirilsə də həmin xanım əməkdaş həftədə yalnız 1-2 gün işə gəlməklə kifayətlənib və faktiki olaraq heç bir iş görməyib. Üstəlik, Mətanət xanım Parlament seçkilərinə qatılmasına baxmayaraq qanunvericiliyin tələblərini pozaraq çalışdığı təşkilata bu barədə nə yazılı, nə də şifahi formada məlumat verib və nəticədə heç bir xəbərdarlıq etmədən 1 aydan çox müddət ərzində işə gəlməyib.

Baş verənlərdən sonra Mətanət xanımın Parlament seçkilərində kiminsə ona mane olduğunu, təzyiq göstərdiyini deməsi sadəcə olaraq gülünc və əsassız iddiadır. Onu da nəzərə alaq ki, həmİn xanımla yanaşı AzTV-nin daha 3 əməkdaşı Parlament seçkilərində namizədliyini irəli sürüb, seçkilərdən sonra isə işə qayıdıblar, 1 nəfər öz ərizəsi ilə işdən azad olunub.

Ümumiyyətlə, Parlament seçkilərində kiminsə seçilmək imkanlarını işdən azad etməklə məhdudlaşdırmaq fikri sağlam məntiqə sığmır.

Digər məqam, Mətanət xanım deyir ki, onun qohumlarına qarşı da təzyiqlər var. Əvvəla bildirək ki, həmin xanımın qızı da bizim əməkdaşımız olub. Lakin uzun müddət, təxminən 7-8 ay iş buraxdığından 1 il əvvəl onunla da əməkdaşlığa xitam verilib. Digər qohumu İdman kanalında çalışır və ona qarşı hər hansı təzyiqdən söhbət gedə bilməz. Ümumiyyətlə, TV daxilində heç kimə qarşı təzyiq və təsirdən danışmaq yersiz və əsassızdır və bu gün məqsəd AzTV-də sağlam ab – hava yaratmaqdır ki, bu istiqamətdə də real addımlar atılır.

Mətanət xanımın TV-də çalışan qocaman işçiləri gözlənilmədən işdən azad etmək iddiası da sadəcə olaraq yalan və əsassızdır. Əvvəla, hər bir qurumum əməkdaşla müqavilənin müddəti bitdikdən sonra onunla müqavilə bağlayıb, yaxud bağlamamaq hüququ var. İkincisi, həm Mətanət xanım, həm də onun kimi digərləri nəhayət anlamalıdırlar ki, AzTV artıq Sosial Müdafiə Mərkəzi deyil. Kim sadəcə olaraq işləmək istəmirsə və bu səbəbdən işə gəlmirsə, yaxud həftədə, ayda 1 dəfə işə gəlib görünməklə öz işini bitmiş hesab edirsə müqavilə müddəti bitdikdən sonra işdən azad olunur. Bu, normal prosesdir.

Yaşından asılı olmayaraq TV-də çalışan və ümumi işə fayda verən hər kəs bu gün də işinin başındadır. Onlar arasında hətta 65-70 yaşlı veteranlar da var və biz öz veteran əməkdaşlarımızla qürur duyur, onlarla çalışmağı özümüzə şərəf bilirik.”

 

Gununsesiaz.info