Cəlilabadda “patı” biznesinə zərbə: Yeddi nəfər saxlanıldı – FOTO/VİDEO

  • By admin
  • 09 Avqust 2021 15:13

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Baxşəliyev, Ə.Hümbətov, Z.Baxşəliyev, S.Abdullayev, N.İbadov, A.Əliyev və M.Musayev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə narkotik vasitə heroin və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Nazirlikdən verilən digər məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini Adıgözəl Quliyev saxlanılıb.

Onun idarə etdiyi VAZ-2107 markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonundan 80 qram heroin aşkar olunaraq götürülüb.

A.Quliyev ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini və Bakı şəhərinə apardığını bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nazirlikdən verilən daha bir məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Yaşar İsmayılov saxlanılıb.

Onun üzərindən 12 ədəd kibrit qutusunda satış üçün qablaşdırdığı narkotik vasitə olan marixuana və bir ədəd elektron tərəzi aşkar edilib.

Yaşar İsmayılov aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını Balaxanı qəsəbəsində satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Yaşar İsmayılov tutularaq istintaqa cəlb olunub.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.