Cənubi Amerikanın nüfuzlu xəbər portalları BAKI-TBİLİSİ-QARSDAN YAZIB

  • By admin
  • 16 Dekabr 2017 14:05

Cənubi Amerikanın nüfuzlu xəbər portallarında Bakı-Tbilisi-Qars (BTQ) dəmiryoluna dair məqalə dərc olunub.

Xarici İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycanın Argentina və Paraqvayda akkreditasiya olunmuş səfiri Rəşad Aslanov tərəfindən BTQ barəsində yazılmış məqalə Argentinanın Telam və Paraqvayın IP agentliyinin xəbər portallarında yerləşdirilib. Məqalədə BTQ-nin texniki göstəriciləri və fəaliyyəti barəsində ətraflı məlumat verilib, bu layihənin regional və beynəlxalq səviyyədə müxtəlif müstəvilərdə əhəmiyyətindən bəhs edilib.

Bildirilir ki, bu strateji layihə yalnız regiondakı ölkələrin tranzit potensialının artırılmasına deyil, həmçinin onların iqtisadiyyatının və müstəqilliyinin möhkəmlənməsinə böyük töhvə verir. Bununla da, Asiya və Avropa arasında ticarət mübadiləsi və sərnişindaşıma xidmətləri Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən cari dəmir yolu vasitəsilə daha təhlükəsiz və zaman baxımından daha səmərəli şəkildə həyata keçiriləcək.

Yazıda Avrasiya məkanında BTQ-nin qədim İpək yolunu bərpa edən və müasir zaman tələblərinə cavab verən bir layihə olduğu qeyd olunur. Belə ki, cari dəmiryolu xətti eyni zamanda çoxsaylı Mərkəzi Asiya ölkələrinin Avropa və dünya bazarlarına çıxışını daha da asanlaşdıracaqdır. Hər iki istiqamətdə yük və sərnişin daşımalarının həcminin gələcəkdə daha da artacağı və layihənin bu baxımdan gələcək iqtisadiyyat və turizm üçün daha səmərəli olacağı söylənilir.

Məqalədə Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyi nəticəsində reallaşan BTQ layihəsinin tarixi və qlobal əhəmiyyətli bir layihə olduğu vurğulanır. Dəmiryol xəttinin regionda inkişaf, stabillik və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm rol oynayacağı qeyd olunur və bildirilir ki, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa Birliyini Mərkəzi Asiya ölkələri ilə birləşdirən yeni nəqliyyat dəhlizi hər iki istiqamətdə daha sürətli, səmərəli və güvənli şəkildə əlaqələrin qurulmasına zəmin yaradır.

Gununsesi.info