Cavid Qurbanov Koreyada

  • By admin
  • 10 Aprel 2019 19:24

“Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən ofisində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının prezidenti Son Byonq Sokun arasında görüş keçirilib.

Azərbaycan Dəmir Yollarından Gununsesi.org-a  daxil olan məlumata görə, görüşdə çıxış edən sədr Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları,dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan (Orta Dəhliz) danışan Cavid Qurbanov bildirib ki, bu dəhliz yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınmasını təmin edir.

 Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir.  Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyası Lyanyunqan və Pusan limanlarının geniş terminal imkanlarından istifadə edərək, Avropaya yüklərin müntəzəm daşınması üçün Orta Dəhliz layihəsinə qoşulmaq imkanlarını nəzərdən keçirə bilər.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Səfər zamanı həmçinin Azərbaycan nümayəndə heyəti Pusan limanının işi ilə tanış olub.