Çingiz Abdullayev Eldar Mahmudovdan nə xahiş edib? -MTN AYB üzvünün də başına oyun açıb

  • By admin
  • 01 Avqust 2016 17:59

chinga

Vətəndaş baş prokurordan kömək istəyir
Azərbaycan yazıçılar Birliyinin üzvü Oqtay Əhmədov ləğv olunmuş Milli Təhlükəsizlik nazirliyinin sabiq rəhbərliyinin ona qarşı qanunsuz əməlləri barəsində baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətinin bir surətini Gununsesi.info-ya yollayan AYB üzvü bildirir ki, oğlu Elxan Əhmədov 2013-cü ildə MTN-nin “toruna düşüb” və bundan sonra dəhşətli günləri yaşamalı olublar. Onun müraciətini təqdim edirik:
Mən Əhmədov Oqtay Spartak oğlu (1954-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan respublikası vətəndaşı) 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən 2015-ci ilədək AYB-nin ədəbi orqanı olan «Ulduz» jurnalında məsul katib vəzifəsində çalışmış, hal-hazırda Yazıçılar Birliyinin «Qobustan» dərgisinin əməkdaşıyam. İndiyədək iki kitabım işıq üzü görüb. 2012-2013-cü ilin Prezident təqaüdçüsüyəm.
Oğlum Əhmədov Elxan Oqtay oğlu (1991-ci il təvəllüdlü, Azərbaycan respublikası vətəndaşı) 2013-cü ildə Azərbaycan Texniki Universitetini bitirmişdi, İqtisadUniversitetinin magistrantı idı.
Oğlum Elxan 2013-cü il noyabrın 23-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilmişdi. Həmin gün Elxanın iştirakıyla evimizdə MTN-çilər tərəfindən aparılan axtarış zamanı onun otağında divanın altından təyinatı dəyişdirilmiş «Makarov» tipli siqnal tapançası aşkar edilib götürülmüşdü. İki gündən sonra MTN-dən evimizə bildiriş göndərilmiş və belə məlum olmuşdu ki, oğlum Əhmədov Elxan Oqtay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.214.2.1, 28.214.2.3 və 228.2.1 maddələrilə təqsirli bilinir. Oğlumun həbsindən 7-8 gün əvvəl MTN guya «Məşədi Dadaş məscidi»ni partlatmaq istəyən iki nəfəri həbs etmişdi. MTN-nin Antiterror Mərkəzi əməkdaşlarının həyata keçirdikləri əməlliyyat-axtarış tədbirləri nəticəsində onların üstündən və mənzillərin külli miqdardar silah-sursat tapılmışdı. Həmin əməliyyatın təfərrüatları Azərbaycan Televiziyasının müxtəlif kanallarında yetərincə işıqlandırılmışdı. MTN-nin həmin əməliyyatından bir həftə sonra Elxanın həbs edilməsi səbəbi terrorizmdə ittiham edilən həmin iki şəxsin oğlumla tanışlıqlarının, uzaq münasibətlərinin olmasındaymış.

eldar mtn
Dövlət tərəfindən təyin edilmiş vəkildən cinayət işini aparan MTN müstəntiqinin adını, soyadını öyrənə bilməyəcəyimi, mənə cinayət işinin nə yerdə olduğu, oğlumu irəlidə hansı təhlükələr gözlədiyi barədə müfəssəl məlumat verməyəcəyini nəzərə alıb Yazıçılar Birliyinin katibi, həmkarım Xalq yazıçısı Çingiz Abdullayevə müraciət etməli oldum. Çingiz Abdullayev məni diqqətlə dinlədikdən sonra yanımdaca (13 dekabr 2013-cü il tarixində) sabiq MTN naziri Eldar Mahmudova öz adından məktubla müraciət edərək AYB-də işlədiyim 16 il ərzində mənim əsla siyasətlə məşğul olmadığımı, indiyə kimi dövlətçiliyimizlə bağlı hər hansı yad fikirlərimə və yalnış hərəkətlərimə rast gəlmədiyini, oğlumun dövləti və dövlətçiliyimizi qəlbən sevən yazıçı ailəsinə mənsubluğunu, elmə marağını və gəncliyini, təcrübəsizliyini istintaqın gedişi zamanı nəzərə alınmasını və əməlinin yüngülləşdirilməsini xahiş etmişdi. Bir aydan sonra Yazıçılar Birliyinə MTN-dən Çingiz Abdullayevin adına məktub daxil olmuşdu. Məktubda Elxanın cinayət işinin istintaqının obyektiv, hərtərəfli aparıldığını və Xalq yazıçısının xahişinin diqqətdə saxlanılacağıı qeyd olunurdu. Çingiz Abdullayev mənə istintaqın başa çatmasını səbrlə gözləməyimi məsləhət görsə də ona qulaq asmamağım gələcəkdə mənə baha başa gəldi. Oğlumun anası övladının aqibəti sarıdan nigaran qaldığından dövlətin təyin etdiyi müdafiəçidən imtina edib kiminsə məsləhətilə 12 saylı Hüquq məsləhətxanasının vəkili Qazıyeva Afətlə 22.01.2013-cü il tarixində rəsmi müqavilə bağladıq. Bir-neçə gündən sonra Afət Qazıyevanın təyin etdiyi yerdə – «Park bulvar» ticarət mərkəzinin dördüncü mərtəbəsində onunla görüşümüz oldu. MTN-dən xəbər gətirən Qazıyeva bizə bildirdi ki, Təhlükəsizlik Nazirliyində oğlunuzun bəraət almasından ötrü onun işini apran müstəntiq Sahib Ələkbərov 300 000 (üç yüz min) manat pul istəyir və guya orada 100 000 (yüz min) manatdan aşağı qiymət yoxdur. Mən də oğlumun Texniki Universiteti bitirib İqtisadiyyat Universitetinin magistraturasına daxil olduğunu, elmə həvəsini, gəncliyini və taleyinin mahmudov-çovdarovçuların əlində olduğunu, yəni ona CM-nin istədikləri maddəsini sırıya biləcəklərini nəzərə alaraq onun tam bəraət almasından ötrü qorxumdan 80 000 (səksən min) manat pul təklif etdim. Heç bir maddi ehtiyatımızın olmadığı halda mənim MTN-lə aramızda müdafiəçimizdən daha çox vasitəçi olan Afət Qazıyevaya səksən min manat təklif etməyimin səbəbi yoldaşımın adına yazıdmış, qoca valideynlərinin yaşadığı Azadlıq prospekti-72 ünvanda yerləşən ikiotaqlı mənzilin real satış qiymətinin 60-90 000 civarında olmasıydı. Ürəyimdə oğlumun pul-parasız və ya cüzi xərclə tam bəraət alacağına ümid edir və inanırdım, lakin eyni zamanda, hər ehtimala qarşı, yuxurıda qeyd etdiyim mənzilin satışını da ehtiyat variant kimi nəzərdən keçirirdim. Vəkilimiz Afət Qazıyevə oğlumuzun MTN-dən sərbəst buraxılmasından ötrü irəli sürdüyümüz məbləğin kifayət etməyəcəyini nəzərimizə çatdırıb adımıza bağımızın, maşınımızın, «obyekt»imizin-filanın, yəni əlavə kapital mənbəyimizin olub-olmamasıyla maraqlandı. Bir daha xatırlatdım ki, evdə məndən savayı heç kəs işləmir, yazıçı adamam, Yazıçılar Birliyinin orqanı olan «Ulduz» jurnalından aldığım məvacibim və Neft emalı zavodunda sürücüdük maaşım üst-üstə cəmisi yeddi yüz manat edir, başqa gəlir məndəyim yoxdur, nə bağ, nə də “obyekt» sahibiyəm, gümanımız təkcə yoldaşımın qoca valideynlərinin yaşadıqları ikiotaqlı mənzilədir, MTN-də səbr etsələr, həmin mənzili bir ay ərzində səksən-doxsan min manata satıb pulunu onlara çatdıra bilərəm.
Bir neçə gündən sonra vəkilimiz MTN-dən, konkret istintaqa rəhbərlik edən müstəntiq Sahib Ələkbərovdan bizə xəbər gətirdi. Bildirdiyinə görə, Sahib Ələkbərov demişdi ki, səksən min manat evlərindən «tapılan» tapançanın qiymətidir, Elxanın MTN-də tam bəraət alıb sərbəst buraxılması üçün üç yüz min manat gərəkdir. O qədər pulumuzun olmadığını, hətta öz evimizi də satıb səksən minin üstünə əlavə etsəydik, yenə də müstəntiqin tstədiyi məbləğin alınmayacağını vəkilə etiraf etdik. Bir müddət nigaranlıqla keçdi. Haradasa 2014-cü ilin fevral ayının ortalarında Afət Qazıyeva yoldaşıma zəng edib bizə «şad xəbər» gətirdiyini, bu münasibətlə təcili görüşməyimizi təklif etdi. Yoldaşımla 12 saylı hüquq məsləhətxanasına yollandıq. Onun «şad xəbəri» bu oldu ki, müstəntiqi razı salmışam, yüz otuz min manata oğlunuza bəraət verə bilər. Bizə fikirləşməyimizi və vaxtın azlığını nəzərə almağımızı məsləhət gördü. Üç-dörd gündən sonra vəkillə görüşdük. Artıq doxsan min manata qayınatamgilin mənzili üçün müştəri tapmışdıq. Yaxın adamımız öz evimizi girov qoymaq şərtilə bizə borca otuz beş min manat verəcəyinə boyun olmuşdu. Afət Qazıyevaya bir ay ərzində yüz iyirmi beş min manat toplaya biləcəyimizi dedik. O da öz növbəsində müstəntiqin mart ayının sonralarına qədər gözləyəcəyini bildirdi. 12 mart 2014-cü ildə yoldaşımın valideynlərinin Azadlıq prospektindəki ikiotaqlı mənzilini doxsan min manata satdıq. Ertəsi gün – 13 mart 2014-cü il tarixində Afət Qazıyevayla müqaviləmizin müddətini uzatdıq. O, bir-İki gündən sonra mənə zəng edib doxsan min manat pulu da özümlə götürüb MTN-in yanına gəlməyimi xahiş etdi. Fəxri Xiyabanla üz-üzə, MTN-in hasarı yanında Afət Qazıyeva məni müstəntiq Sahib Ələkbərovla tanış etdi. Görüşə tək gələn Sahib Ələkbərov ağ rəngli, «Hunday» markalı «cip» avtomobilinin sükanı arxasındaydı. Avtomobilin dövlət nişanının son rəqəmləri yadımda qaldı – 117. Yəqin o «Hunday» MTN-nin xidiəti avtomobili idi, çünki maşina minən kimi Sahib Ələkbərov «sus» işarəsi kimi barmağını dodaqlarına apararaq kabinənin müxtəlif yerlərindəki xırdaca torlu deşikləri göstərib radionun səsini ucaltdı. Bəlkə də bu bir konspiratsiya idi, müstəntiq istəmirdi ki, pul söhbətini MTN-çilər eşitsin, çox güman ki, əsas məbləği öz həmkarlarından, rəhbərlikdən gizlətməyə çalışırdı. Beləliklə, ağ «Hunday»ın arxa oturacağında oturmuş Afət Qazıyevanın gözləri qarşısında sellofana bükülmüş doxsan min manat pulu müstəntiq Sahib Ələkbərova təslim etdim.
Həmin ilin aprel ayının əvvəllərində yerdə qalan otuz beş min manatı MTN-in hasarı yanında həmin 117 nömrəli ağ «Hunday»ın kabinəsində Afət Qazıyevanın iştirakı ilə Sahib Ələkbərova verdim. Həm Sahib Ələkbərov, həm də Afət Qazıyeva mənə israrla tapşırdılar ki, bu barədə heç yerdə, heç kəsə bir söz belə deməyim, çünki «yuxarılara» xəbər çatsa, oğlumu heç bir halda azad etmək mümkün olmayacaq. Bir müddət sonra Afət Qazıyeva MTN-dən «qara xəbər» gətimişdi. Bəyan etmişdi ki, oğlunuzu azad etmək mümkün deyil, ona Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama, gəzdirmə, daşıma) maddəsilə ittiham irəli sürülür. Artıq Prezident Aparatında da evinizdən silah aşkarlanaraq götürülməsindən agahdırlar və bu səbəbdən də iş məhkəməyə göndəriləcək. Oradasa oğlumu elə məhkəmə zalındaca azad edilməsini Afət Qazıyeva öz üzərinə götürür və buna yüz faiz təminat verirdi. Sahib Ələkbərovla sonuncu görüşüm də nəticəsiz qaldı, məlum oldu ki, pul artıq «yuxarılara» çatdırılıb, nəyisə dəyişmək qeyri-mümkündür. 2014-cü ilin iyun ayının ortalarında Afət Qazıya məni 12 saylı hüquq məsləhətxanasına çağırıb bildirdi ki, oğlunuzun istintaqı yekunlaşmaq üzrədir, yaxın günlərdə ittiham aktı tərtib edilərək işi Ağır Cinayətlər Məhkəməsinə yollayacaqlar, ordasa oğluma ən azı iki il iş kəsiləcək. İşin MTN tərəfindən Ağır Cinayətlər Məhkəməsinə yox, Nərimanov rayon Məhkəməsinə göndərilməsini istəyirsinizsə əlavə beş min manat da verməlisiniz, guya Ağır Cinayətlər Məhkəməsində oğlum Elxana iki il, iki il yarım müddətinə azadlıqdan məhrum edə bilərlər, Nərimanov rayon Məhkəməsindəsə ona uzaq başı bir il iş kəsəcəklər. Mən oğlumun İqtisadiyyat Universitetində magistraturada oxuduğunu, təhsilinin hədər getməməsini, vəkilin onu məhkəmə zalındaca azadlığa buraxdıracağını nəzərə alaraq bir-neçə gündən sonra beş min manat da borc edib Fəxri Xiyabanla üz-üzə – MTN-nin hasarı yanında Afət Qazıyevaya dediyi məbləği çatdırdım. Afət Qazıyeva içərisinlə beş min manat olan zərfi məndən alıb Sahib Ələkbərova çatdırmaq üçün MTN-nin əsas qapısına tərəf getdi. Onu izləmədiyimdən, inandığımdan MTN-ə girib-girmədiyini görmədim. Yarım saatdan sonra qayıdıb gəldi, əmanəti (pulu) Sahib Ələkbərova çatdırdığını söylədi, dönə-dönə tapşırdı ki, bu haqda heç vaxt heç yerdə ağzımdan bir söz belə qaçırmayım.
Nərimanov rayon Məhkəməsi oğlumu iki il müddətinə azadlıqdan məhrum etdikdə aldadıldığımı anladım. Oğlum Əhmədov Elxan 23 noyabr 2015-ci il tarixində cəzasını tam çəkib azadlığa çıxdı. Ötən il oktyabr ayında MTN-də yuva salmış quldur dəstəsi ifşa olunarkən mətbuatdan öyrəndim ki, müstəntiq Sahib Ələkbərov dələduzluğa görə həbs olunub. Nəhayət ki, haqq-ədalətin öz yerini tapdığını, keçmiş tamahkar, fırıldaqçı müstəntiqin Allah və dövlət tərəfindən cəzalandığını düşünüb hüquq-mühafizə orqanlarına şikayət etmədim. Amma bu yaxınlarda kütləvi informasiya vasitələri Sahib Ələkbərovun hələ də heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini mətbuata sızdırdıqda, belə acgöz, insafsız, dələduz adamın aramızda sərbəst gəzməsi məni (inanıram ki, onun nəfsinin, tamahının qurbanına çevrilmiş neçə-neçə sadə vətəndaşları) bərk hiddətləndirdiyindən Sizə müraciət etməli oldum. Mənə vurulmuş maddi və mənəvi zərəri nəzərə alaraq, keçmiş MTN müstəntiqi Sahib Yunus oğlu Ələkbərovun tezliklə cəzalandırılması, ona qarşı cinayət işi qaldırılması istiqamətində qanunun aliliyi keşiyində durmuş vəzifəli şəxs kimi tərəfinizdən müvafiq addımlar atacağınıza ümid edirəm.

Hörmətlə,
Oqtay Spartak oğlu Əhmədov,
AYB-nin üzvü, «Qobustan» jurnalının əməkdaşı
(əlaqə telefonu: 055-721-14-41, 050=562-63-68)