“Çudo-Peçka”ların həbsdəki sahibi milyonlar məsələsində suallarına cavab istəyir

  • By admin
  • 15 Mart 2018 16:38

Bakıdakı “Çudo-Peçka” mağazalar şəbəkəsinin həbsdə olan sahibi Çingiz Cəlilovun məhkəməsi davam edir. O, bir müddət əvvəl lisenziyası ləğv olunmuş “Bank Standard”dan kredit kimi götürdüyü 13 milyon 962 min manatı mənimsəməkdə ittiham olunur. Amma iş adamı özünü təqsirli bilmir və bütün baş verənlərə görə bankın İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçi, keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayev və yaxınlarını günahlandırır.

Gununsesi.info xəbər verir ki, iş adamının vəkili Janna Bağırova “Bank Standard”dan məhkəmə üçün vacib olan suallara cavab ala bilməməsindən narazıdır. Vəkil bununla bağlı etirazını martın 15-də məhkəmədə də bildirib.

Çingiz Cəlilovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bugünki məhkəmədə vəkil Janna Bağırova “Bank Standard”ın əməkdaşı olmuş Leyla Abbasovanın ifadəsinin cinayət işindəki sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıb.

Məhkəmə qərara gəlib ki, bu məsələyə hökm çıxaranda müşavirə otağında qiymət verilsin.

Vəkilin digər vəsatəti bir müddət əvvəl Səbail Rayon Məhkəməsində Çingiz Cəlilovla “Bank Standard” arasındakı məhkəmə qərarının sorğu verilərək alınması ilə bağlı olub. Vəkil bildirib ki, həmin qərarda bankdan götürülən kreditlərin hara xərcləndiyi qeyd edilir. Məhkəmə bu vəsatəti də təmin etməyib.

Janna Bağırova məhkəməyə daha bir vəsatət verərək proses başlayandan “Bank Standard”ın nümayəndəsinə ünvanladığı suallara cavab ala bilmədiyini deyib. Müdafiəçi sorğunun cavablandırılmasının təmin edilməsini istəyib: “Məhkəmə başlayandan bu suallara cavab ala bilmirik. Buna görə də məhkəməyə yazılı şəkildə müraciət edirik və suallarımıza cavab verilməsini tələb edirik”.

Məhkəmə vəsatəti təmin edib.

Baş Prokurorluq iş adamın həbsi ilə bağlı rəsmi açıqlamasında yazırdı ki,

Çingiz Cəlilov Səlim Krimanla əlbir olub, dəyəri süni şəkildə şişirdilən əmlakları girov qoyub, bankın Müşahidə Şurasının razılığı olmadan 21 milyon 874 min manat kredit götürüb. Götürülən kreditin 13 milyon 962 min manatı onlar arasında bölüşdürülərək mənimsənilib.

Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Çingiz Cəlilov müğənni Röya Ayxanın keçmiş qayınatasıdır.

Gülər

Gununsesi.info