Dəhşətli qətl 5 il sonra ETİRAF EDİLDİ

  • By admin
  • 18 Mart 2022 10:36

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki,  1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci ildə itkin düşməsi faktına görə Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 20 dekabr 2019-cu il tarixdə dayandırılmışdır.

7 mart 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilməklə  peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlətmiş, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırmışdır.
16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülmüşdür.

17 mart 2022-ci il tarixdə Asif Manafov şübhəli şəxs qismində tutulmuş, dindirilərkən o, törətdiyi əməli etiraf etmişdir.

Prokurorluq orqanları tərəfindən ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.

Gununsesi.info