Dəmir yolları töhfə verməyə hazırdır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sifariş etdiyi, artıq 4-ü ölkəmizə çatdırılmış 10 ədəd yeni “Stadler” qatarının 6-sı elektriklə çalışır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

 

Məlumata görə, bu qatarlar sayəsində dəmiryol nəqliyyatının ətraf mühitin mühafizəsindəki payı daha da artacaq.

 

Bundan başqa, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

 

ADY “yaşıl enerji”ni təşviq edərək karbon qazının atmosferə atılmasının qarşısını almağa böyük töhfə verir. Bu məqsədlə Yeni Biləcəri lokomotiv deposunun yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 307 ədəd, Yeni Gəncə lokomotiv deposunda isə 350 ədəd günəş paneli quraşdırılıb.

 

Həmçinin dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün bütün zəruri tədbirlər görülür. Hər bir yeni layihədə ESG prinsipləri ən effektiv şəkildə təhlil olunaraq tətbiq edilir. Belə ki, Horadiz-Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqla dəyişdirilib. Maksimum çalışılır ki, dəmir yollarının tikintisi zamanı ətraf mühitə ziyan dəyməsin.

 

ADY-nin hər bir layihəsində dəmir yolu zolağı boyunca ağacların əkilməsi diqqətdə saxlanılır. Bərdə–Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilib.

 

ADY şirkətdaxili sənədləşmələrdə kağız istifadəsini azaltmaq üçün innovativ texnoloji həllərdən istifadə edir. Həmçinin bu ildən etibarən Abşeron dairəvi marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb.

 

Gununsesi.info