Danışır Mirzəcan – ay can, ay can… - SUYUN QİYMƏTİNİN BAHALAŞMASINI TƏKLİF EDƏN DEPUTATA SÖZARDI

  • By admin
  • 08 Dekabr 2016 15:49

 mirezexiyar

Parlamentdə gedən büdcə müzakirələri Mİlli Məclisdə Mirzəcan adlı deputatın olduğunu da ortaya çıxardı. İki ildir ağzına su alan bu deputat sən demə  həm də “Azərsutəchizattikinti” ASC-nin sədridir.  Parlament  bir çoxlarına nəyə görə lazımdırsa, ona da o cür lazımdır. Yəni, deputat toxunulmazlığına, havayı maaşa, sözünün keçərli olmasına, ona buna hədə-qorxu gəlməsinə  və s görə..Bircə dəfə bu adamın millətin taleyi ilə bağlı məsələ qaldırdığını görən olubsa, Mirzə Cəlil demişkən, “bığlarımı qırxdırmasam, qurumsağam”.  Amma öz maraqlarına toxunan məsələ olunca, gör səsi nə çıxır?!!!  Deməli, Mirzəcan Xəlilov  çıxışa yazılıb və bildirib ki, elektrik enerjisi və qazın qiymətinin artırılması ilk növbədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı  ASC-yə, bir də  “Azərsu”ya təsir edəcək, çünki adı çəkilən təşkilatlar elektrik enerjisi ilə işlədiyindən onların enerjiyə olan sərfiyyatı artacaq.Qısası, deputatın sözünün mustafası,  Tarif Şurası  suyun da qiymətinə baxmalı, suyun qiymətini artırmalıdır. Adama deyərlər ki, a kişi, danışa bilmirsənsə danışma da. Ya da susduğun kimi SUS! Onsuz da sənin kimilərdən bu millətə bir xeyir yoxdu, heç olmasa ziyanın da olmasın. Axı bu millət sənin kimi dəyəri milyonlarla ölçülən saraylarda yaşamır. Villalarında işləyən ustalara “atdığın” pulları bir sadə azərbaycanlı heç ömür boyu qazana bilmir. Bəli, hörmətli oxucu, sən Mirzəcan Xəlilovu deputat kimi tanıya bilməmisən. Amma onu bir məmur kimi, bir insan kimi tanımaq haqqın var. İndi onu sənə tanıdacam. Kimdir Mirzəcan Xəlilov?

“Azərsutəchizattikinti”nin sədrinin adı ilə bağlı  google-da axtarışı versən, elə faktlar ortaya çıxacaq ki, bir stəkan su içməsən ardını oxuya bilməyəcəksən. “Su pulunu artırın” deyən Mirzəcan Xəlilov  bu yaxınlarda mətbuatda  Novxanıda özünə tikdirdiyi  dəbdəbəli villa ilə gündəmə gəlib. O villa ki, təkcə fasadının təbii daşla üzlənməsi üçün 185 min manat  pul xərcləyib. Baxın, görün onun villasında işləyən briqadir  Zülfüqar Əliyev nələr danışır? “ Villanın fasadının təbii daş örtüyü ilə üzlənməsi, materialların alınması, daşınma xərcləri və işçilərin zəhmət haqqı 185 min manat dəyərləndirildi. Briqadiri olduğum 20 nəfərlik usta-fəhlə heyəti ilə işə başladıq.  2014-cü ilin may ayına qədər  işlərin 90 faizə yaxını görüldü. Mayda problemlərimiz başladı. Materialların qiymətləri getdikcə artdı, ortaya görüləsi başqa işlər çıxdı və hesabladıq  ki,  185 min manat işi tamamlamağa bəs etməyəcək və əlavə 55 min manat da lazımdır. Çünki, villa elə-belə villa deyil, qiyməti bir neçə milyon olan böyük saraydır. Təkcə  daşla üzlənməsinə bu qədər vəsaitin sərf olunduğu  villanın necə olduğunu hər halda təsəvvür edirsiniz?” (Yeni Müsavat qəzeti 05 oktyabr. 2016-cı il. )

Yox, təsəvvür etmirik. Necə deyərlər, evimizdə bişməyib, qonşudan gəlməyib. Heç belə bir sarayı halal pulla tikə bilməyin mümkünlüyünü də anlamırıq. Amma siz görünür bu adamdan az-çox anladınız. Hələ hamısı deyil, gerisinə qulaq asın.”  Mİrzəcan dedi ki, bir manat da artıq ödəmərəm. Hətta 185 min manatın 25 min manatını da kəsdi. Mənə dedi ki, keçəcəm 150 min manatımdan, səni tutduracam. Yanına üç dəfə ağsaqqal göndərdim, xeyri olmadı. Bir sıra yüksək dövlət orqanlarına rəsmi ərizə ilə müraciət etdim, pulundan və vəzifəsindən istifadə edib işə baxılmasının qarşısını alır. ( Yeni  Müsavat qəzeti,  05 oktyabr 2016)

Bu adamın bir belə pulları necə qazanması da  “Azərsu”ya qahmar çıxması qədər maraq doğurur. Darıxmayın, onun da bir cavabı var. “Azərsu” ən böyük layihələrində bir qayda olaraq  tenderlərin qalibi Mİrzəcan Xəlilovun  rəhbəri olduğu “Azərsutəchizattikinti”  olur deyirlər. İndi onun parlamentdəki canfəşanlığı da başa düşüləndir. Başa düşülməyən sadəcə bircə məqam var. Mirzəcan Xəlilov  görəsən hamının onun kimi sarayda yaşadığını düşünür? Başa düşmür ki,  bu ölkənin əlili, təqaüdçüsü , ali təhsillisi onun bir villasının üzlənməsinə tökdüyü vəsaiti yatsa heç yuxusunda da görə bilməz? Yaxşı bilir, əlbəttə. Sadəcə, ona da belə danışmaq tapşırılıb.

Yoxsa, tenderə yox, təndirə düşər.

Elmar Elnuroğlu