Ahmet Davutoğlu prezidentə təhqir ittihamı üzrə ifadə verib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Türkiyənin keçmiş baş naziri və Gələcək Partiyasının keçmiş sədri Ahmet Davutoğlu haqqında aparılan araşdırma çərçivəsində Ankara Ədliyyəsində ifadə verib.
Ankara Respublika Baş Prokurorluğu Davutoğlunun 2021-ci ildə Bingöldə etdiyi çıxışdakı sözləri ilə bağlı “prezidenti təhqir etmə” ittihamı üzrə araşdırma başladıb.
Davutoğlu ifadəsindən sonra bildirib ki, səsləndirdiyi fikirlərin arxasındadır. O, fikirlərini ifadə etdiyi və tənqid səsləndirdiyi üçün “şübhəli” qismində ədliyyəyə çağırılmasını tənqid edib.
DEVA Partiyasının sədri Ali Babacan və Səadət Partiyasının sədri Mahmut Arıkan da Davutoğluya dəstək olmaq üçün ədliyyəyə gediblər.
Davutoğlunun vəkili Hasan Seymen bildirib ki, araşdırmaya səbəb olan görüntülər 2021-ci ilin sentyabrında Bingölün Gənc rayonunda çəkilib. Onun sözlərinə görə, video Davutoğlunun bir şəxsin ittihamlarına verdiyi cavabların bir hissəsidir.
Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən, prezidentə təhqirə görə bir ildən dörd ilədək həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Gələcək Partiyası avqustun 22-də keçirilən növbədənkənar qurultayında siyasi fəaliyyətinə son qoymaq və partiyanı ləğv etmək qərarı qəbul edib.
Şəbnəm












