Deputat gəncləri qərəmanlardan örnək almağa çağırdı

  • By admin
  • 10 Aprel 2018 12:42

Neftçalada Həsənabad kəndində Aprel döyüşləri, Aprel zəfərinin qəhrəman şəhidlərindən, Milli Qəhrəmanımız Samid İmanovun anım tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirə Neftçala rayon icra hakimiyyəti başçısı İ.Vəliyev, yerli bələdiyyə nümayəndələri, rayon ziyalıları, Milli Qəhrəman Samid İmanovun təhsil aldığı məktəbin və rayonun digər məktəblərinin nümayəndələri, qazilər və Milli Qəhrəman Samid İmanovun döyüş yoldaşları qatılıb.

Anım tədbirində çıxış edən millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb: “Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik.  Gəncləri qəhrəman şəhidimiz, Milli Qəhrəmanımız Samid İmanovun vətənpərvərliyindən  örnək götürməyə çağırıram. Böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıdır”.

Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər: “O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlının diqqət və qayğı ilə yanaşması çağırışını etmişdi. Şəhidimizin ata-anasına müraciətlə deyirəm ki,  hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”.

Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb.

Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Samid İmanov kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.

Tədbirdə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı da geniş çıxış edərək qəhrəman şəhidlərimizdən, onların həyat yolundan, qəhrəmanlıqlarından geniş danışıblar.  Tədbirdə iştirak edən bir sıra QHT rəhbərləri, qazilərimiz, qəhrəman şəhidimizin təhsil aldığı məktəbin nümayəndələri, müəllimləri də çıxış edərək Milli Qəhrəmanımız Samid İmanovun qəhrəmanlıqlarından söz açıblar.  Məktəbin şagirdləri vətənpərvərlik ruhunda çıxışlar edib, şeirləri söyləyib, mahnıları oxuyublar. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanımız Samid İmanovun məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar.

 

Gununsesi.info